Rusiyada oxumaq istəyənlər - QƏBUL BAŞLADI

Rusiyada oxumaq istəyənlər - QƏBUL BAŞLADI
  13 May 2014    Oxunub:957
2014/2015-ci tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edilib.
Təbələ Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb.

Müsabiqədə iştirak etmək hüququna 2014-cü il may ayının 15-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər (ünvan: Akademik Həsən Əliyev küçəsi, 17).

Qeydiyyat 2014-cü il may ayının 14-dən 26-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək aparılacaqdır.
SQK-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün təsdiq olunmuş “Elektron ərizə”;
2. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədin əslini (2014-cü ilin məzunları I yarım il üzrə qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);
3. Şəxsiyyət vəsiqəsini.
4. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsini.

Müsabiqə iki mərhələdən ibarətdir.

I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. “Beynəlxalq iqtisadi əlaqələr” və “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olmaq istəyənlər II ixtisas qrupu üzrə, “Beynəlxalq hüquq” ixtisasına qəbul olmaq istəyənlər III ixtisas qrupu üzrə imtahan verirlər.

Test imtahanı 2014-cü il mayın 30-da keçiriləcək. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytından çap edib götürəcəklər.

Test imtahanında bölməsindən asılı olmayaraq abituriyentlərə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər xarici dil fənni kimi yalnız ingilis dilini seçə bilərlər.

Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə 2014-cü il iyunun 2-də keçiriləcək. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq.

Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.

İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində cari il iyun ayının 27-də aparılacaq. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus dilindən bilikləri (şifahi və yazılı) yoxlanacaqdır. “Beynəlxalq iqtisadı əlaqələr fakültəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.

İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.

Qəbul olanlardan aşağıdakı sənədlər tələb olunacaq:
1. Orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi.
2. Milli pasportun surəti.
3. 3x4 sm ölçüdə ağ-qara, parıltısız 12 ədəd fotoşəkil.
4. Xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış.
5. Döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi.
6. Tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat.
7. Sifilis müayinəsinin nəticəsi.
8. VİÇ infeksiyasının olmaması barədə beynəlxalq sertifikat.

Sevinc


Teqlər:





Xəbər lenti