Sülhməramlı missiya necə olmalıdır: BMT təcrübəsi - TƏHLİL

  Sülhməramlı missiya necə olmalıdır:  BMT təcrübəsi -  TƏHLİL
  16 Dekabr 2022    Oxunub:5435
Son günlər Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının davranışları haqlı narazılıqlara səbəb olmaqla yanaşı, bir sıra ciddi suallar da yaradır. Bu baxımdan, sülhməramlı missiyasının tarixi, onun əsas prinsipləri və sülhməramlıların fəaliyyətinin hansı şərtlər çərçivəsində həyata keçirilməsi barədə bir sıra məqamlara aydınlıq gətirilməsinə ehtiyac yaranır.
Sülhməramlı qüvvələr nə vaxt yaranıb

BMT-nin “Mavi dəbilqəlilər” adlandırılan sülhməramlılarından silahlı münaqişələrin qarşısının alınması və yaxud da tənzimlənməsi üçün Təhlükəsizlik Şurasının (TŞ) qərarı ilə istifadə olunur. BMT-nin Nizamnaməsinə əsasən bu qüvvələr quruma üzv ölkələrin silahlı bölmələri hesabına təşkil edilir.
Bundan başqa, müxtəlif beynəlxalq təşkilatların da missiyaları "sülhməramlı missiya" adlandırıla bilər. Onlara misal kimi NATO, KTMT, QAÖİB (Qərbi Afrika ölkələrinin iqtisadi birliyi), Afrika İttifaqı, ƏDL (Ərəb dövlətləri liqası) və s. qurumları göstərmək olar. Müəyyənləşdirilmiş qaydalara görə, onlar BMT TŞ-nın mandatına əsasən fəaliyyət göstərə bilərlər. Habelə münaqişə tərəflərinin razılığı əsasında bir ölkənin sülhməramlı hərbi kontingenti də BMT-nin mandatı olmadan müvəqqəti şəkildə münaqişə zonasına yerləşdirilə bilər. Buna misal kimi Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentini göstərmək olar.

Sülhməramlılar münaqişə tərəflərinə neytral yanaşma sərgiləyən, yəni hansısa dövlət tərəfindən döyüşməyən qüvvələrdir. Onların missiyası xüsusi mandatla müəyyənləşdirilir. Bu qüvvələrdən əksər hallarda döyüşən tərəflər arasında bufer zonasının yaradılması üçün istifadə olunur ki, qarşıduran tərəflər atəşkəs və müvəqqəti barışıq rejiminə əməl etsinlər.
BMT-nin beynəlxalq qüvvələri ilk dəfə 1948-ci ildə Hindistanla Pakistan arasında münaqişəyə səbəb olan Kəşmir əyalətində və Fələstininin bölünməsi prosesində istifadə edilib. Əsasən hərbi müşahidəçilərdən ibarət olan bu missiyalar hələ də fəaliyyət göstərirlər.


İlk uğurlu və xitam verilən sülhməramlı missiyası isə 1956-cı ildə Süveyş kanalı ətrafında yaşanan böhranın tənzimlənməsi zamanı olub. Həmin vaxt Böyük Britaniya, Fransa və İsrailin Misirlə apardıqları münaqişədə atəşin dayandırılması və münaqişə tərəflərini sakitləşdirmək missiyası uğur qazanıb.

İndiyədək ümumilikdə sülhün qorunması üzrə BMT-nin bayrağı altında 70 sülhməramlı missiya həyata keçirilib ki, onların da əksər hissəsi 1988-ci ildən sonrakı dövrə təsadüf edir. Həmin əməliyyatlarda 120 ölkəni təmsil edən yüzminlərlə hərbi qulluqçu, onminlərlə polis və mülki əməkdaşlar iştirak ediblər. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi zamanı 3300-dən çox sülhməramlı həlak olub.

Sülhməramlı missiyanın prinsipləri

Beynəlxalq sülhün və təhlükəsizliyin təminatında BMT-nin sülhməramlı əməliyyatlarının müstəqil alət kimi qəbul edilməsi üçün 3 əsas prinsipin qorunması vacibdir.

1.Tərəflərin razılığı

Yalnız tərəflərin razılığından sonra sülhün dəstəklənməsi üzrə BMT-nin əməliyyatına başlanılır. Bu, münaqişə tərəflərinin siyasi prosesə sadiq olmalarını tələb edir. Onların sülhün qorunması əməliyyatına razılaşması mandatla nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi üçün BMT-yə zəruri olan hərəkət sərbəstliyini təmin edir. Bu razılığın olmadığı halda sülhün dəstəklənməsi əməliyyatının münaqişə tərəflərindən birinə çevrilməsi və öz əsas vəzifəsindən kənara çıxaraq, məcburetmə tədbirlərinə əl atması riski yaranır.

2. Qərəzsizlik

Əsas tərəflərin razılığının və əməkdaşlığının təminatı üçün qərəzsizlik vacib şərtdir. Lakin qərəzsizliyi neytral münasibət və ya fəaliyyətsizliklə qarşıdırmaq olmaz. BMT-nin sülhməramlıları münaqişə tərəflərinə qərəzsiz olmalı, lakin öz mandatlarının yerinə yetrirlməsində neytral qalmamalıdırlar. Qərəzsiz olan, amma pozuntulara görə cəzalandıran yaxşı hakim kimi. Münaqişə tərəfləri ilə yaxşı münasibətlərin qurulması və qorunub-saxlanması zərurətinə baxmayaraq, sülhməramlı missiya onun qərəzsizliyini şübhə altına ala biləcək bütün hərəkətlərdən hər vəchlə qaçmalıdır. Əks halda bu vəziyyət sülhməramlı missiyanın nüfuzunun və legitimliyinin sarsılması, tərəflərdən birinin və ya bir neçəsinin razılığının geri çağırılması ilə nəticələnə bilər.

3. Özünümüdafiə və mandatın qorunması hallarından başqa gücün tətbiq edilməməsi

Sülhün dəstəklənməsi üzrə BMT-nin əməliyyatları məcburetmə aləti deyil. Lakin özünün və mandatın müdafiəsi çərçivəsində TŞ-nin sanksiyaları əsasında taktiki səviyyədə güc tətbiq oluna bilər. Müəyyən qeyri-sabit hallarda sülhün qorunması üçün TŞ əməliyyatlara “sərt” mandatlar da verib. Bu mandatlar zorla siyasi prosesin pozulmasının qarşısının alınması, qaçılmaz fiziki hücuma məruz qalacaq mülki əhalinin qorunması, qayda-qanunu dəstəkləmək üçün milli hakimiyyətlərə köməyi nəzərdə tutan bütün zəruri vasitələrin istifadə olunmasına icazə verir.

Yerlərdə sülhün qorunması üçün sərt tədbirlərin BMT-nin sülhəməcburetmə hərəkətlərinə bənzəməsinə baxmayaraq, bu iki anlayışı qarışdırmaq olmaz.
- Sülhün dəstəklənməsi üzrə taktiki səviyyədə sərt tədbirlərin görülməsi TŞ-nin sanksiyalarını və missiyanı qəbul edən tərəflərin razılğını nəzərdə tutur.
- Sülhə məcburetmədə isə, əksinə, münaqişənin əsas tərəflərinin razılığı tələb olunmur. TŞ tərəfindən güc tətbiqinə sanksiya verildiyi məqamlardan başqa, üzv dövlətlərə BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən analoji addımlar atmaq qadağandır.


Sülhün dəstəklənməsi üzrə BMT-nin həyata keçirdiyi əməliyyatlarda gücdən yalnız ən ifrat vasitə kimi istifadə edilə bilər. Belə addımlar missiyanın saxlanılmasına və onun mandatının yerinə yetirilməsinə razılıq əsasında dəqiq təhlil olunmalı, minimum güclə lazımi nəticənin qazanılması prinsipi çərçivəsində mütənasib qaydada atılmalıdır. Çünki sülhün dəstəklənməsi üzrə gücün tətbiq olunması daim siyasi nəticələr verir və bir sıra hallarda gözlənilməz vəziyyətlərə gətirib çıxarır.

Güc tətbiq edilməsi barədə qərar icimaiyyət tərəfindən necə qarşılanması, humanitar nəticələr, personalın təhlükəsizliyi, missiyanın saxlanılması üçün razılıq kimi faktorlar da nəzərə alınmaqla verilməlidir.

Sülhməramlı missiyaların nəticələri

BMT mandatı çərçivəsində həyata keçirilən sülhməramlı missiyalar bir sıra hallarda uğursuzluğa düçar olublar. Onların bir hissəsi hələ də fəaliyyət göstərir. Bu isə BMT-nin və həmin missiyaların faydalı iş əmsalının çox aşağı olduğundan xəbər verir. Hərçənd, münaqişələrin dayandırılması özlüyündə müsbət haldır.

Ötən əsrin 80-ci illərinin sonlarından indiyədək BMT 57 sülhməramlı missiya həyata keçirib ki, onların da əksər hissəsi regional təşkilatların iştirakı ilə baş tutub. Bu missiyalar müxtəlif məqsədlər daşıyıb. Yalnız müharibələrin nəticələri əsasında yaranmış sülhün qorunması yox, habelə hərbi toqquşmaların qarşısının alınması (məsələn, Pakistanla Əfqanıstan arasında), humanitar yardım, münaqişə tərəfləri arasında danışıqlarda vasitəçilik, Haitidə olduğu kimi polislərin öyrədilməsi missiyaları da həyata keçirilib.

Ən diqqətçəkən sülhməramlı missiyalardan biri BMT-nin 1960-1964-cü illərdə Konqoda keçirdiyi əməliyyat olub. Həmin əməliyyatlarda 30 ölkədən 20 minə qədər hərbçi iştirak edib. Missiyanın keçirildiyi dövrdə 250 sülhməramlı və mülki əməkdaş həlak olub. Konqo hökumətinin Belçikanın təcavüzü nəticəsində ölkənin ərazi bütövlüyü üçün yaranmış təhdidin aradan qaldırılması barədə BMT-yə müraciəti bu missiyanın keçirilməsini şərtləndirib. Belçika qoşunları Konqonu tərk etsələr də, separatçılıqla üzləşmiş Konqoda Cənubi Kasai və Katanqa əyalətləri öz müstəqilliklərini elan etdilər. BMT-nin separatçılara qarşı 4 hərbi əməliyyatından sonra hər iki vilayət Konqonun tərkibinə qayıtdı, 1964-cü ildə isə sülhməramlılar ölkəni tərk etdilər. Buradakı sülhməramlı əməliyyatlarla bağlı tarixə yazılan qara səhifələrdən biri BMT-nin Baş katibi Daq Hammerşeldin Şimali Rodeziya (indiki Zambiya) səmasında yaşanan təyyarə qəzasında həlakı oldu. Həmin qəzanın səbəbləri və təfərrüatları hələ də məlum deyil.


Kiprdə, Livanda, Bosniya və Herseqovinada, Kosovoda BMT-nin sülməramlı missiyaları hələ də davam edir. Onların bəzilərinin müddəti artıq 60 ildən çoxdur.

Təəssüflər olsun ki, son illər BMT TŞ-nin sülhməramlı kontingentlərlə bağlı müəyyənləşdirdiyi qaydaların pozulması hallarının artdığı nəzərə çarpır. Ona görə də, bir sıra hallarda BMT-nin sülhməramlı missiyaları nəinki gözlənilən nəticəni verməyib, hətta sülhməramlıların destruktiv mövqeyi yerli əhali arasında böyük itkilərə səbəb olub. Bu baxımdan, ən böyük faciə Xorvatiya-Bosniya müharibəsi zamanı BMT sülhməramlılarının nəzarəti altında olan Bosniyanın Srebrenitsa anklavında 1995-ci il iyulun 11-də serblərin 8 mindən artıq müsəlmana qarşı soyqırım törətməsidir. Aviasiyanın və atəş dəstəyinin olmadığını bəhanə gətirərək, heç bir müqavimət göstərməyən niderlandlı sülhməramlılar azsaylı döyüşlərdə iştirakdan imtina ediblər. NATO-nun 2 təyyarəsinin serb cəlladlarına hücumları isə girov götürülmüş niderlandlı sülhməramlıların məhv ediləcəyi təhdidindən sonra ümumiyyətlə dayandırıldı.


2011-ci ildə elə Niderland məhkəməsi Srebrenitsada qətlə yetirilənlərin bir hissəsinə görə məsuliyyəti hollandiyalı sülhməramlıların üzərinə qoyub. Belə ki, sülhməramlı batalyonu yerləşdiyi bazaya pənah gətirmiş müsəlmanları qovaraq, faktiki ölümə məhkum edib. Məhkəmə həmin batalyonun komandiri, polkovnik Tomas Karramentenin müsəlmanların qırğına məruz qalacaqlarını güman etmədiyi barədə ifadəsinin yalan olduğunu sübuta yetirib. Şahidlər polkovnikin bunu yaxşı dərk etdiyini, lakin qırğının qarşısını almaq üçün heç bir tədbir görmədiyini təsdiqləyiblər.

BMT-nin mandatı çərçivəsində Rusiya sülhməramlılarının iki ölkədə həyata keçirdikləri iki missiya isə separatçı rejimlərin xeyrinə işləyib. Gürcüstanın Cənubi Osetiya bölgəsində sülhməramlıların yerləşdirilməsi son nəticədə bu regionun Rusiya tərəfindən ilhaqı ilə yekunlaşıb. Moldovanın Dnestryanı bölgəsində rusiyalı sülhməramlıların fəaliyyəti isə faktik olaraq, separatçı respublikanın tam şəkildə formalaşmasın təmin edib.


Hazırda istər BMT-nin, istərsə də regional təşkilatların və ya ikitərəfli razılıq əsasında ayrı-ayrı dövlətlərin sülhməramlı missiyalarının fəaliyyəti əksər hallarda özündə beynəlxalq hüquq normalarını yox, bu və ya digər güc mərkəzlərinin geosiyasi maraqlarını ehtiva edir. Məhz buna görə müxtəlif sülhməramlı missiyalar siyasi məqsədəuyğunluq baxımından həm açıq-aşkar, həm də dolayısı ilə gah beynəlxalq hüququn subyekti olan ölkələrin, gah da separatçı rejimlərin maraqlarının qorunması ampluasından çıxış edirlər. Bu isə ümumilikdə sülhməramlı missiyaların imicinə kölgə salır və onun obyektiv mövqe sərgiləyən bir institut kimi mövcudluğunu risk altına qoyur.

Sahil İsgəndərov, politoloq
AzVision.az



Teqlər: Sülhməramlı  





Xəbər lenti