Müəllif Qarabağda məskunlaşmış Suriya ermənisinin həyatının kabusa çevrilməsini təsvir edir. Ovik Asmaryan adlı həmin şəxs hazırda Xankəndidə yaşayır. O, həyat yoldaşı İzabel və üç uşağı ilə 2012-ci ildə Suriyanın Hələb şəhərindən qaçaraq Qarabağa gəlib, yaxud, qanunsuz şəkildə gətirilib.
Qarabağda məskunlaşmış Suriya və Livan ermənləri - FOTOLAR |
Asmaryanın sözlərinə görə, Suriyada vətəndaş müharibəsi başlayandan sonra təxminən 18 min erməni əsilli suriyalı Ermənistana gəlib. Təbii ki, onların əksəriyyəti sonradan həmin dövrdə işğalda saxlanılan Azərbaycan ərazilərinə köçürülüblər.
Asmaryan ailəsi hətta həmin dövrdə işğalda saxlanılan Qarabağda bal ayına da çıxıblarmış. Onlar xüsusən də separatçıların viran qoyduqları Şuşaya aşiq olublar.
Asmaryan Xankəndi ilə yanaşı, Şuşada da mülklər aldığını deyib. O, bağ biznesinə girişib, xeyli torpaq sahəsi əldə edə bilib.
- Suriyadan tinglər gətirmişdim və 20 hektar sahədə bağlar salmışam. Deyə bilərəm ki, Qarabağda kiçik Suriya qurdum. 200 hektar ərazidə isə zeytun bağları saldım. Biznesimiz 2020-ci ilə qədər çiçəkləndi, böyük sifarişlər almağa başladıq,- Suriya ermənisi başqasının torpaqlarını necə talan və istismar etdiklərini açıq şəkildə ifadə edib.
Asmaryan azərbaycanlıların tarixi və əzəli şəhərlərində qurduğu biznesin böyük hissəsini itirməsindən gileylənərək deyib ki, 44 günlük müharibə ərsəyə gətirdiyi hər şeyi məhv etdi: "Mən bundan sonra nə edəcəyimi və ümumiyyətlə gələcəkdə nələrin olacağını bilmirəm. 44 günlük müharibədən əvvəl və həmin döyüşlər zamanı nə edəcəyimi bilirdim. Amma indi tam qeyri-müəyyən vəziyyət yaranıb. Nəyin necə olacağına cavabım yoxdur. Ermənistandakı hakimiyyətə inanmıram. Hamımızı aldatdılar, durmadan deyirdilər ki, tezliklə qalib gələcəyik. Amma məğlubiyyət ardınca məğlubiyyət yaşadılar”.
Nəşr yazır ki, İkinci Qarabağ müharibəsindən sonra hərbi əməliyyatlarla bağlı daimi təhlükənin qalması Ermənistandan gələnlərlə yanaşı, ümumilikdə xaricilərin də Xankəndinə daha az səfər etməsinə səbəb olub. 2020-ci ilə qədər yerli biznesin əsas gəlir mənbəyi olan xarici turistlər indi yoxa çıxıblar.
Asmaryan qonaq otağındakı pianonun üstündə Kalaşnikov avtomatı asıb, tapançalarını isə başqa yerdə saxlayır.
- Müharibədən sonra mən hökumətdən (Separatçı rejimi nəzərdə tutur - red.) evdə qanuni şəkildə silah saxlamaq üçün icazə aldım. Axı Azərbaycan qoşunları Xankəndidən cəmi 10 kilometr aralıda, Şuşadadır. Müharibədən əvvəl qaz tapançam belə yox idi. Həmin dövrlərdə Ermənistan ordusunun məni qoruyacağına əmin idim. Ancaq indi silahları evdə saxlamalıyıq. Özümüzü qorumaq istəməyimiz təbiidir. Mən kimə arxalana bilərəm, ruslara!?, - Asmaryan yeni eskalasiyanın baş tutmasından qorxduğunu gizlətməyib.
Suriya ermənisi sonda onu da deyib ki, bölgədə qalmaq istəyir. Amma bir şərtlə ki, sərhədin digər tərəfinə köçsün, erməni hərbi qüvvələrinin nəzarətində olan ərazidə yaşasın: “Mən bura Ermənistan dövlətinin vətəndaşı olmaq üçün gəldim. Ona görə köçməmişdim ki, özüm və uşaqlarım Azərbaycanın qurduğu həyat qaydalarını qəbul etsin. Oğlumun 17 yaşı var. Gələn il orduda xidmət etməlidir. Bəs mən indi oğlumu komandiri müharibəni biabırçı şəkildə uduzan orduya necə tapşıracağam?"
Tural Tağıyev
AzVision.az