Sabunçudakı qətli törədən gənc həbs olundu

Sabunçudakı qətli törədən gənc həbs olundu
  15 May 2014    Oxunub:1114
Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi Sabunçuda törədilən qətllə bağlı birgə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, paytaxtın polis, milli təhlükəsizlik və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin qısa müddət ərzində açılması təmin edilib.

Xəbər verildiyi kimi, mayın 13-də Lənkəran rayon sakini, 1964-cü il təvəllüdlü Mehralıyev İltifat Nurməmməd oğlunun Sabunçu rayonunun Bakıxanov qəsəbəsində kirayədə yaşadığı evdə üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib və faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin tamah niyyəti ilə paytaxtın Nərimanov rayonunda kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Bədəlov Turqay Qulu oğlu tərəfindən törədilməsi müəyyən edilib. T.Bədəlov şübhəli şəxs qismində tutulmuş və cinayətin aləti olan bıçaq və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

T.Bədəlov ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.



Teqlər:  



Xəbər lenti