Ziya Məmmədova şikayət etdilər

Ziya Məmmədova şikayət etdilər
  16 May 2014    Oxunub:968
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AzVision.az xəbər verir ki, mayın 16-da nəqliyyat naziri Ziya Məmmədov Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirliyin struktur bölmələri rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda yol infrastrukturu və nəqliyyat məsələləri ilə bağlı problemlər araşdırılıb, vətəndaşların müraciət və təklifləri dinlənilib.

Müraciətlər əsasən kəndlərarası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, piyada keçidlərinin tikintisi, habelə rayon mərkəzlərindən keçən magistral avtomobil yollarının şəhərdən kənara çıxarılması və digər məsələlərlə bağlı olub. Qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapıb, digər müraciətlər operativ həll olunması üçün nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Nazir Ziya Məmmədov son illər ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib, Prezidentin müvafiq sərəncamlarına əsasən respublikanın hər yerində olduğu kimi, bu bölgədə də yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulduğunu, əsaslı təmir olunduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, bu istiqamətdə tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti