Sabah 18 min abituriyent imtahan verəcək

Sabah 18 min abituriyent imtahan verəcək
  17 May 2014    Oxunub:2377
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sabah 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
AzVision.az xəbər verir ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 34 binada baş tutacaq.

İmtahanda 18773 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 13856 abituriyent I qrup üzrə, 4917 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 17551 nəfəri (I qrup üzrə 12876 nəfər, IV qrup üzrə 4675 nəfər) Azərbaycan bölməsinin, 1222 nəfəri (I qrup üzrə 980 nəfər, IV qrup üzrə 242 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 11923 nəfəri (I qrup üzrə 8709 nəfər, IV qrup üzrə 3214 nəfər) oğlanlar, 6850 nəfəri (I qrup üzrə 5147 nəfər, IV qrup üzrə 1703 nəfər) isə qızlardır.

16810 nəfər orta ümumtəhsil məktəblərinin, 191 nəfər ali təhsil müəssisələrinin, 1772 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 57 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Ən yaşlı abituriyent 1972-ci ildən, ən gənci isə 1996-cı ildəndir.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 16:00-da «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti