Azərbaycanda mobil cihazların qeydiyyatı qaydaları sərtləşdirilib

   Azərbaycanda mobil cihazların qeydiyyatı qaydaları sərtləşdirilib
  28 Yanvar 2023    Oxunub:855
Prezident İlham Əliyev Milli Məclisin “Telekommunikasiya haqqında” qanunda etdiyi dəyişiklikləri təsdiqləyib.
AzVision.az xəbər verir ki, dəyişikliklərə əsasən, bundan sonra sellülar (mobil) xidmətlərdən istifadə ilə əlaqədar, mobil cihazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyatı aparılmalıdır.

Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağandır.

Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Milli Məclisin İnzibati Xətallar Məcəlləsində etdiyi dəyişikliklərə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə onun İMEİ nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə fiziki şəxslər 300-400 manat, vəzifəli şəxslər 1 000 - 1500 manat hüquqi şəxslər isə 3 000 - 4000 manat məbləğdə cərimə ediləcək.

Məcəllənin 368-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər 600 - 800 manat, vəzifəli şəxslər 2 000 - 2 500 manat, hüquqi şəxslər isə 9 000 - 12 000 manat cərim ödəyəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti