Jurnalistlərin şikayət etdiyi mətbuat katibi DANIŞDI

Jurnalistlərin şikayət etdiyi mətbuat katibi DANIŞDI
  19 May 2014    Oxunub:1275
Ötən həftə AzVision.az saytı jurnalistlər arasında sorğu keçirərək onların mətbuat xidmətlərinin işindən razı olub-olmadıqlarını öyrənməyə çalışdı. Sorğuda iştirak edən media mənsublarının əksəriyyəti Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov və Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirlidən gileylənərək onlarla əlaqə saxlamağın müşkül məsələ olduğunu bildirdilər.
Jurnalistlər daha çox adları çəkilən mətbuat katiblərindən narazı olduqlarını qeyd edərək digər həmkarlarını onlara nümunə göstərmişdilər.

Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirlidən haqqında səslənən iradlara münasibət öyrəndik.

O, AzVision.az-a açıqlamasında barəsində deyilən iradları qəbul etməyərək təmsil etdiyi nazirliyin aktiv işlədiyini bildirib.

“Mətbuatda il ərzində təxminən 800 məlumatımız dərc olunur. Mənim özümün jurnalistlər arasında dostlarım da var. Uzun illər işlədiyimiz adamlar var və onlarla sıx əlaqədəyik. Bir neçə dəfə Səhiyyə Nazirlyiinin mətbuat xidməti “ilin ən yaxşı mətbuat xidməti” seçilib”.

Zənglərin cavabsız qalmağına gəlincə A.Qədirli bunu tədbirlərin çox olmağı ilə izah edib.

“Tədbirdə mobil telefona cavab vermək olmur. Amma Səhiyyə Nazirliyinin mətbuat xidmətinin telefonları var, ora zəng vura bilərlər. Sadəcə olaraq jurnalistlərdə yeni dəb çıxıb ki, mobil telefona 2-3 dəfə zəng edəndə sonra artıq mövzudan da, müsahibədən də əl çəkirlər. Tədbirlər, konfranslar olur ki, biz iştirak edirik və o zaman ola bilsin ki, mətbuat katibi 3-4 saat ərzində telefona cavab verə bilməsin. Bu o demək deyil ki, mövzudan əl çəkmək lazımdır. Yaxud da yazmaq lazımdır ki, Səhiyyə Nazirliyinin mətbuat xidməti sualı cavablandırmır”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti