Bayram Səfərov Uorliklə gizli görüşüb? - MÜƏMMA

Maraqlıdır ki, Uorlik və digər həmkarları dəfələrlə Azərbaycana səfərə gəlsələr də onlar Qarabağın Azərbaycanlı icması ilə görüş keçirmirlər. Gizli görüş keçirsələr belə, ən azından mətbuatda bu barədə hər hansı məlumata rast gəlməmişik.
Həmsədrlər ölkəmizdə səfəri zamanı adəti üzrə bir neçə dövlət rəsmisi ilə görüşüb gedirlər. Onlar bizdən fərqli olaraq Qarabağa səfər edərkən qondarma rejimin rəhbəri Bako Saakyanla da mütləq görüşüb, müzakirələr aparırlar.
Nə üçün həmsədrlər Qarabağın Azərbaycanlı icması ilə görüşmürlər?
Bu suala cavab tapmaq üçün icma rəhbəri Bayram Səfərovla əlaqə saxladıq.
Sualımıza sərt reaksiya verən B.Səfərov ironik şəkildə bu gün Ceyms Uorliklə görüşdüyünü bildirib:
“Erməni icması ilə görüşüb bu, onun öz işidir. Bu gün də mənimlə də görüşüb. Görüşün təfərrüatları barədə danışmaq istəmirəm”-deyərək B.Səfərli qeyd edib.
B.Səfərovun dediyi kimi, o Uorliklə görüşübsə maraqlıdır, bu görüş harada baş tutub? Axı Uorlik hazırda Azərbaycanda deyil.
Onda icma rəhbərinin sözündən belə çıxır ki, ya Uorlik səssiz-səmirsiz, heç kimin xəbəri olmadan Bakıya gəlib, ya da B.Səfərov onunla görüşmək üçün Qarabağa gedib. Nəzərə alaq ki, Uorlik və digər həmsədrlər ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər ediblər.
B.Səfərlinin Azərbaycanın ən böyük problemi ilə əlaqədar suala belə sərt münasibəti təəssüf doğurur.
Fatimə Kərimli