Azay Quliyev: `Şəxsi həyat qapalı qalmalıdır` - Saytın qonağı

Azay Quliyev: `Şəxsi həyat qapalı qalmalıdır` - Saytın qonağı
  20 May 2014    Oxunub:1318
`Prezidentin əsas tapşırığı odur ki, ədaləti qoruyaq`

Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev AzVision.az oxucularının ona ünvanladıqları sualları cavablandırır.

Qeyd edək ki, təkrarlanan suallar ya çıxarılıb, ya da qruplaşdırılıb.

(Əvvəli burada)

Atamoğlan Vəliyev:
- Müxalifətin hazırkı zəif vəziyyətdə olmasının bir səbəbi də sizcə, hakimiyyətin özü deyilmi?


- Mən bilmirəm oxucu bunu hansı nöqteyi-nəzərdən deyir. Çünki müxalifətin hazırkı vəziyyətdə olmasının birinci səbəbi elə onun özüdür. Belə zəif durumda olan müxalifət öz üzərində işləməlidir. İslahatlar aparmalı, ən azı öz tərkibində yeniliklər etməlidir. Əgər vətəndaşın marağından çıxış edərək siyasi platforma sərgiləmirsə, belə vəziyyətə düşəcək.

Əvvəllər müxalifət partiyaları deyirdilər ki, `bizə sərbəst toplaşmaq üçün şərait yartmırsınız, bizə meydan vermirsiniz`. Baxın, şəhərin ən gözəl yerində məkan ayrıldı ki, öz tədbir və mitinqlərini keçirsinlər. Hər dəfə insanların sayı getdikcə azaldı. Bu, ondan xəbər verir ki, onların liderlərinin çoxunun artıq potensialı tükənib, əhalini cəlb etmirlər. Özlərinin vacib siyasi platforma daşıyıcısı olduqlarını sübut edə bilmirlər, insanlar onlara inanmırlar.

İqtidarın yeganə `günahı` ondan ibarətdir ki, bu gün çox güclüdür. İqtidarın lideri cənab İlham Əliyevin sözü ilə əməli arasında heç bir fərq yoxdur. Verdiyi sözə, vədə əməl edir. Siyasi partiyalar arasındakı münasibətlərə siz baxın. Onlar ən elementar məsələdə belə, həmrəylik nümayiş etdirə bilmirlər. Hələ mən demirəm ki, Azərbaycanın milli maraqları ilə bağlı nə qədər məsələlər baş verir. Bunlara heç reaksiya verən yoxdur.

Niyaməddin Orduxanlı:

1) - Azay bəy, bu yaxınlarda sizin təşəbbüsünüzlə Milli Məclisdə “İştirakçılıq haqqında” qanunu qəbul edildi və cənab prezident İlham Əliyev tərəfindən imzalandı. Məncə, bu qanun ölkəmizin demokratikləşməsində və inkişafında mühüm yer tutacaq. Yaxın vaxtlarda yeni bir qanun hazırlamaq niyyətiniz yoxdur ki?

2) - Siz həm də uzun illərdir parlamentarisiniz. Növbəti illərdə parlamentdə proporsional seçki siteminin bərpasına necə baxırsınız?


1) - Hələlik yeni qanun layihəsi ilə bağlı təşəbbüs yoxdur. Amma hazırda bizim “Sosial sifariş”, bir də “Peşə birlikləri haqqında” qanun layihələrimiz var. Onları Milli Məclisə təqdim etmişik. Müəyyən mərhələdə müzakirələr başlayıb. Yəqin ki, yaxın zamanlarda biz ancaq bununla məşğul olacağıq.

2) Proporsional seçki siteminin bərpası ilə bağlı müxtəlif fikirlər var. Hazırda mövcud majoritar sistem özünü doğruldur. Çünki bu sisteminin üstünlüyü odur ki, insanlar fərdə səs verirlər. Fərdin bütün kefiyyətləri nəzərə alınaraq, seçicilər tərəfindən dəyərləndirilir. Əlbəttə, partiya sistemi də müəyyən üstünlüklərə malikdir.

Praporsional sistemin olması ümumiyyətlə, siyasi partiyaların inkişafı üçün əlavə stimuldur. Bununla bağlı hələ ki, ciddi müzakirə olmadığına və majoritar sistem özünü doğruldtduğuna görə, mən bu keçidin hələ tərəfdarı deyiləm. Gələcəkdə bunu qarışıq formada etmək olar.

Fərhad:

- Almaniya və Türkiyənin ATƏT-in Minsk Qurupuna üzv olmasını nə qədər real hesab etmək olar?


- Almaniya və Türkiyə Minsk qurupunun üzvləridir. Həmsədrliyə gətirilməsi fikri müxtəlif dövrlərdə səsləndirilib, ideya və təkliflər var. Mənim də şəxsi istəyim idi ki, Türkiyə ən azından Minsk qrupunda həmsədr kimi təmsil olunsun. Bu gün Rusiyaya, ABŞ-a, Fransaya baxsaq görərik ki, onların Ermənistanla əlaqəsi daha güclüdür və daha çox dəstək verirlər. O baxımdan, Türkiyənin MQ-də təmsil olunması disbalansı az da olsa, aradan qaldıra bilər.

Türkiyə regional bir dövlətdir və Qafqazda böyük marağı, bura bağlılığı var. Hesab edirəm ki, siyasi baxımdan da Türkiyənin həmsədrliyə gətirilməsi kifayət qədər əsaslı ola bilər.
Amma reallığa gəldikdə isə bunu real hesab etmirəm. Buna Ermənistan razılıq verməyəcək, heç avropalıların özləri də o qədər maraqlı olmazlar.

Şahin:

- Azay müəllim Ukraynadakı olaylara münasibətiniz?


- Ukraynada baş verən olayları iki qismə bölmək olar: 22 fevrala qədər olan olaylar, 22 fevraldan sonra baş verən hadisələr. Ukraynada konstitutsiya əleyhinə baş vermiş istənilən addımı pisləmək lazmdır. Çünki hər şey konstitusiya çərçivəsində olmalıdır. Buna görə də orada hansısa kənar müdaxilə ilə hakimiyyətin dəyişdirilməsi, müəyyən mənada Ukraynaın daxili işlərinə qarışılması doğru addım deyil.

İkinci məsələ isə Krımla bağlı olan məsələdir. Azərbaycan qeyrd-şərtsiz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Baxmayaraq ki, Krımın tarixilə bağlı kifayət qədər mübahisə etmək olar. Belə baxanda, tarixi nöqteyi-nəzərdən Krım nə Ukraynanın, nə də ki, Rusiyanın ərazisi olub. Krım vaxtilə türklərə məxsus bir ərazi olub. O mənada Krıma verilə biləcək ən ədalətli status müstəqil Krım Tatar Dövlətinin yaranması olardı. Reallıq isə budur ki, bu, mümkün deyil.

Krım Rusiya tərəfindən mənimsənilib. Bütün bunlar beynalxalq hüquq normaları çərçivəsində baş vermədiyindən, qanuni qəbul edilə bilməz. Ukrayna hökumətinin razılığı olmadan hansısa bir referendum keçirilirsə və o referendumda qəbul olunan yekun qərar hansısa bir dövlət tərfindən tanınırsa, bunun özü bir qanunsuzluqudur.

Fariz Məmmədov:

- Siz Azərbaycanı Avropada, xüsusilə ATƏT PA və Euronest PA-da uğurla təmsil edirsiniz. Bilmək istərdik ki, Azərbaycanla Aİ-nın gələcək əməkdaşlıq perespektivini necə görürsünüz? Azərbaycan Assosiativ Əməkdaşlıq Sazişini imzalamalıdır ya yox?

- Avropa İttifaqı ilə bağlı Azərbaycanın mövqeyi kifayət qədər aydındır. Azərbaycan dəfələrlə bəyan edib ki, strateji seçimi Avropayadır. Və əsas məqsədimiz Avropa ailəsinə inteqrasiya etməkdir. Hesab edirəm ki, kifayət qədər ciddi bir mesajdır.

Amma konkret mərhələyə gəldikdə Azərbaycan tərəfi Aİ ilə Assosiasiya Sazişini imzalamadı. Çünki orada Azərbaycanın ərazi bütövlüyünün Aİ tərəfindən tanınması maddəsinə Ai etiraz etdi. Bu, çox böyük bir haqsızlıq oldu. Belə olan sürətdə Azərbaycan Avropa ilə münaqişə yaratmamaq naminə başqa bir təklif ilə çıxış etdi. Biz Avropa ilə strateji tərəfdaşlıq haqqında bir sazişin imzalanmasını təklif etdik. Bu, Azərbaycan diplomatisiyasının çox böyük bir uğurudur. Çünki Assosiasiya Sazişinin imzalanmaqdan imtina edilməsi Avropa ilə Azərbaycan arasında münaqişə mühiti yarada bilərdi.

Beləliklə, bir daha göstərdik ki, Avropaya inteqrasiyadan qaçmırıq. Hazırda Azərbaycan – Avropa ittifaqı arasında münasibətlər bu istiqamətdə inkişaf etməlidir. Gələcəkdə isə bizim maraqlarımız tam şəkildə təmin olunarsa, saziş imzalana bilər. Bu da aramızda yeni bir dönəmin başlamasına gətrib çıxara bilər.

Tofiq:

- Şəxsi avtomobiliniz varmı? Varsa markası nədir və qiyməti nə qədərdir?


- Şəxsi avtomobilim var, “Nissan” markalıdır, qiyməti də çox deyil - internetdən araşdırıb tapa bilərlər.

Vüqar Muradlı:

- Rusiyanın Krımı birləşdirməsinin Qarabağ probleminə nə kimi təsiri ola bilər?


- Bunu zaman göstərəcək. Müsbət təsiri o ola bilər ki, artıq Avropa və beynəlxalq siyasəti formalaşdıran qlobal güclər bir daha gördülər ki, çox böyük səhvə yol veriblər. Vaxtında Dağlıq Qarabağ konfiliktinin qarşısı alınsa və separatizmə layiqli qiymət verilsə idi, bəlkə də indiki hadisələr olmazdı. O baxımdan, bu gün heç kim deyə bilməz ki, Krım son nöqtədir. Mənə elə gəlir ki, dünyanın güc mərkəzlərinin həll etməli olduqları tək məsələ beynəlxalq hüququn prinsiplərini doğurdan da reabilitasiya etməkdir. Onların yenidən həyata vəsiqə almasını təmin etməkdir. Bunun da tək yolu ölkələrin ərazi bütövlüyünü dəstəkləməkdir. İşğalçıya lazım olan qiyməti verməkdir. BMT-nin qəbul etdiyi qətnamələrin qeyd-şərtsiz icrasına nəzarəti təmin etməkdir.

Bu baxımdan, Krımda baş verən hadisələr həll olunmamış münaqişələrin, xüsusilə Dağlıq Qarabağın sonrakı taleyinə müsbət təsir edə bilər. Çünki məsələ digər münaqişələrdən fərqlidir. Bu gün qondarma respublikanı heç bir dövlət, o cümlədən, Ermənistan müstəqil dövlət kimi qəbul etməyib. Bu da bizə imkan verir ki, məsələyə hüquqi müstəvidə yanaşılmasını beynəlxalq ictimaiyyətdən tələb edək.

Mənfi nəticələrinə gəldikdə isə, bu, çox pis presedentdir. Hesab edirəm ki, qanunsuz referendumun nəticəsinin Rusiya tərəfindən tanınması bütövlükdə digər sepaaratçıları da şirnikləndirə bilər. Və xüsusilə, əgər nəzərə alsaq ki, Rusiya ATƏT-in Minsk qurupunun həmsədridir. Bu addımı həmsədr ölkə kimi ona etimadı və inamı sarsıda bilər.


Yaqub Abbasov:

- Hörmətli Azay müəlim, mənim oğlum 8 il azadlıqdan məhrum edilib. Artıq 6 ilini çəkib. Dəfələrlə əfv üçün aidiyyatlı orqanlara müraciət etmişəm. İnanın ki, oğlum Adil Yaqub oğlunun belə ağır cəza almasına səbəb istintaq və məhkəmə orqanlarının ədalətsiz hərəkətləri səbəb olub. Özünümüdafiə zəmnində olan hərəkətə qəsd xarakteri verib, Adilə belə ağır cəza kəsdilər. Sizə də bir neçə dəfə müraciət etmişəm. Mənim oğlum tam islah olunub. Onun əfvi illərdir gecikir. Mənə nə kömək edə bilərsiniz?


- Əfv ilə bağlı hər bir müraciətə əfv haqqında Əsasnamənin tələbləri çərçivəsində baxılır və qiymət verilir. Əgər doğurdan da vətəndaşın Komissiyaya müraciəti daxil olubsa, bu, mütləq araşdırılacaq. Əfvin olub-olmaması isə ilk növbədə törədilən cinayətin ictimai təhlükəliliyindən asılıdır. Onun törətdiyi cinayət nəticəsində zərəçəkən varmı, yoxmu, zərəçəkənin mövqeyi nədən ibarət olacaq? Xüsusilə əgər adamöldürmə faktı varsa, əfv olunma kifayət qədər çətindir.

Mən istərdim bizim vətəndaşlar bir şeyi dəqiq bilsinlər ki, biz Əfv Komissiyası olaraq bütün vətəndaşların müraciətlərinə eyni qaydada baxılır. Əsas odur ki, qəbul edilən qərar nəticəsində heç bir vətəndaş narazı qlamsın. Bir vətəndaşı məmnun etməklə digər vətəndaşı narazı sala bilmərik. Ona görə də Cənab Prezidentin əfv komissiyasının üzərinə qoyduğu əsas tapşırıq odur ki, ədalət prinsipini qoruyaq. Dövlətin maraqlarını və vətəndaşın hüquqlarını tam şəkildə təmin edə bilək. Elə bir qərarlar qəbul edək, tövsiyə xarakterli sənəd hazırlayaq ki, nəticədə heç bir vətəndaş narazı qalmasın. İstərdim ki, vətəndaşlarımız bunu bilsinlər və səmimi olaraq bu gün Əfv Komissiyasının qərarlarını qəbul etsinlər.


Əminə Əmirxanlı:

- Facebook səhifənizə kim nəzarət edir? Siz yoxsa başqası?

- Facebook səhifəmə təəssüflər olsun ki, mən nəzarət edə bilmirəm. Köməkçim Xəlil İsmayılov bu işi həyata keçirir. Amma imkan olanda mən özüm də səhifəyə baxıram, nəzarət edirəm. Müəyyən müraciətlər olur ki, onları çalışıram, şəxsən cavablandırım. Amma kimsə narahat olmasın ki, mənim birbaşa xəbərim olmur yazışmalardan. Bəzən müraciət edənlər vaxtında cavab ala bilmirlər. Bu, yalnız vaxt məhdudiyyəti ilə bağlıdır. Onlardan da xahiş edirəm ki, üzürlü hesab etsinlər.



Sadiq Mərzili:

- Şəxsi həyatı haqqında heç danışmayan ictimai aktivlərdənsiniz. Niyə?


- Şəxsi həyat haqqında hər şeyi danışmaq olmaz. Ümumiyyətlə, ictimai aktiv və dövlət işində olan şəxs gərək müəyyən məsələləri qapalı saxlasın. Bəzən görürsən ki, məişət səviyyəli olan informasiyaları mətbuata ötürürlər. Bunu doğru hesab etmirəm. Şəxsi həyatım, mənə məxsus olan məsələlərlə bağlı yeri gəldi-gəlmədi mətbuata məlumat verməyi, reklam etməyi xoşlamıram.

Fuad Əlişov:

- Bilmək istərdim ki, QHT-hökumət dialoqu çərçivəsində yaratdığınız komissiyanın fəaliyyəti sizi nə qədər qane edir? Dialoq axtaran bəzi QHT-lərin addıma qısqanclıqla yanaşması əsl niyyətlərinin başqa bir şey olduğu anlamına gəlirmi?


- 17 dekabr 2013-cü ildə QHT-lərlə bağlı qanuna Milli Məclisdə qəbul edilən əlavə dəyişikliklərdən sonra bəzi QHT-lərin narazılığını və onları qane etmədikləri haqqında fikirlərini dinlədik. Və onlarla görüş keçirdik. Bütövlükdə QHT-ləri maraqlandıran problemlər aidiyyatı qurumlarda - Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsində və Ədliyyə Nazirliyində müzakirə edilir. Müzakirə Şuranın təşəbbüsü ilə baş tutdu. Çox maraqlı müzakirələrimiz oldu. Nəticədə belə bir qərara gəldik ki, qanuna əlavə və dəyişikliklər ciddi problem yaratmır. Sadəcə olaraq, əsas məsələ bu qanuna edilmiş dəyişikliklərin necə icra olunması ilə bağlıdır.

İcra prosesində müəyyən narazılqlar, problemlərin ola biləcəyini nəzərə alaraq, Şuranın nəzdində hüquq və monitorinq komitəsi yaratdıq. Komissiyanın vəzifəsi qanunun həyata keçirilməsi zamanı baş verə biləcək pozuntunu, problemi vaxtında aşkarlamaq, QHT-lərin müraciətlərini araşdırmaq və dövlət qurumları ilə təmasa girərək, bu problemin həllinə nail olmaqdan ibarətdir. Komissiya son aylarda çox məhsuldar işləyir. Bir sıra banklarla olan anlaşılmazlıqlar məhz komissiyanın sayəsində artıq aradan qalxıb.

İndi hazırda komissiya rayonlarda və Bakının müxtəlif bölgələrində QHT-lərlə maarifləndirmə işi aparır. Bizə bir sıra beynəlxalq təşkilatar da müraciət ediblər. Biz də bu müraciətləri müsbət dəyərləndirmişik.

Ona görə, komissiyanın işini müsbət dəyərləndirirəm. Hesab edirəm ki, burada əsas məsələ ondan ibarətdir ki, bu prosesin hüquq müstəvisində siyasi müstəviyə çıxarılmasına imkan verilməsin.


Mr. T:

- Bir sıra ölkələrdə vətəndaş cəmiyyətinin inkişafı üçün QHT Evi var. Azərbaycanda belə sistem tətbiq ediləcəkmi?


- 2001-ci ildə forumun təşəbbüsü ilə bir komissiya yaranmışdı. Komissiyanın verdiyi təkliflərdən biri də məhz QHT Evinin yaradılması ilə bağlı idi. Bunu biz yəqin ki, konkret təklif formasında hazırlayıb hökumətə təqdim etməliyik. Bundan sonra məsələ investisya layihələrində də nəzərə alına bilər. Amma bununla bağlı konkret bir hazırlıq yoxdur. Belə bir təklif rəsmi şəkildə bizə daxil olarsa, dövlətə təqdim etməyə hazırıq.

Son zamanlar qeyri-kommersiya qurumlarının işini tənzimləyən bir neçə qanuna əsaslı dəyişikliklər oldu. Bu dəyişikliklər labüd idi, yalnız bizi bir neçə məsələ narahat edir. QHT-nin bu qanunlara olan dəyişikliklərdən məlumatsız olmaları və ya qanunları düzgün anlamamaları. Bilməyərəkdən qanunlarn hansısa tələblərini pozaraq, gələcəkdə inzibati məsuliyyətə cəlb olunma halları çox ola bilər.

Bilirsiniz ki, qanunu bilməmək məsuliyyətdən kənar qalma anlamına gəlmir. Qanunu bilmədən pozmusansa, bu, o demək deyil ki, sən azadsan. Ona görə də, məsələ bu gün çox böyük aktuallıq kəsb edir. Çünki bir çox hallarda QHT-lər hansı dəyişikliklərin edilməsi, bunun hüquqi baxımdan hansı nəticələrə gətirib çıxarması ilə bağlı müfəssəl bilgiyə mailk deyillər. O baxımdan, tam razıyam ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır. Ayrı–ayrı rayonlarda, şəhərlərdə, o cümlədən, Bakıda ayrıca təlimlər təşkil edirik. Hesab edirəm ki, bunun da bir nəticəsi var. Artıq QHT-ləri əvvəlki dövrlərlə müqayisə etsək, görərik ki, son dövrlərdə onların hesabatlıq əmsalı artıb, həm də qanuna əməl etmək istiqamətində yol verilən inzibati pozuntuların sayı azalıb.


Həsən:

- Sizcə, gənclərimizin ictimai fəaliyyətə aktiv cəlb olunmamasının səbəbi nədir?


- Bu, ilk növbədə gənclərin özündən asılıdır. Gənclərimiz milli məsələlərdə daim ayıq olmalıdırlar. Bizi narahat edən ictimai əhəmiyyətli məsələlərin həllinə öz töhfələrini verməlidirlər. Bizim dövlətimizin gənclərlə bağlı siaysəti çox şəffafdır. Cənab Prezident gənclərə yönəlik bir sıra addımlar atıb. Çox istərdim ki, gənclərimiz ictimai siyasi həyatda daha aktiv olsunlar.


Vidadi Rzayev:

- QHT sahəsində çox böyük işlər görürüsünüz. Bu sahənin inkişafı demək olar ki, sizin adınızla bağlıdır. Amma QHT-lərin qeydiyyat problemi uzun illərdir ki, həllini tapmır. Bunun səbəbi nədir?


- QHT sektorunun inkişafı birbaşa dövlətimizin adı ilə bağlıdır. QHT sektorunda bu gün əldə edilən uğurların əsası məhz Heydər Əliyev tərəfindən qoyulub. Təsadüfü deyil ki, vətəndaş cəmiyyəti quruculuğunda Heydər Əliyevin müəyən etdiyi kurs öz nəticəsini verir. Bu gün çox sevindirici haldır ki, cənab Prezident QHT və vətəndaş cəmiyyəti ilə bağlı çox mühüm qərarlar qəbul edib. Təkcə elə 2007-ci ildə QHT-lərə dövlət dəstəyi konsepsiyasının təsdiq olunması dövlətin onlara yönəlik siyasətinin nə qədər prinsipal xarakter aldığını bir daha ortaya qoydu. Bunun üçün Şura yaradıldı, ona çox böyük səlahiyyətlər verildi. Həm QHT-lərin layihələrinin maliyyələşdirilməsi, həm də QHT-lərlə bağlı siaysətin formalaşması, QHT-lərə dəstəyin verilməsi kimi vəzifələr məhz Şuranın üzərinə düşür. Ona görə də, burada birmənalı şəkildə dövlətin və cənab Prezidentin gördüyü işlərin nəticəsini qeyd etməliyik.

O ki qaldı, QHT-lərin üzləşdikləri bəzi problemlərə, qeydiyyat kimi məsələlərə, hesab edirəm ki, qeydiyyat ilə bağlı bizim çox mühüm hüquqi bazamız var. QHT-nin qeydiyyatı ilə bağlı qanunvericilikdə əsas müddəalar öz əksini tapıb. Onun icrası ilə bağlı müəyyən təkliflər və təşəbbüslər, narazılıqlar, problemlər var. Bunun da öhdəsindən gələ bilərik. Məsələn, QHT-lərin qeydiyyatını təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində də həyata keçirməyi təklif etmişik. Başqa təkliflər də var ki, məsələn, qeydiyyat üçün tələb olunan vaxt çərçivəsini bir az azaldaq. QHT-lərlə bağlı hər hansı bir qərarın qəbulu zamanı kifayət qədər faktlara əsaslanılsın.

Bu sahədə artıq Ədliyyə Naizrliyinin təşəbbüsü müəyəyn yeniliklər baş verəcək. Bu yeniliklər əsasən elektron xidmət ilə bağı olacaq. QHT-lərin qeydiyyatının `vahid pəncərə` sistemi vasitəsilə həyata keçirilməsi bu cür təkliflər sırasındadır. Yaxın zamanlarda xidmətin yaxşılaşdırlması, elektron xidmətə keçirilməsi və bütövlükdə fəaliyyətin avtomatlaşdırması imkan verəcək ki, inzibati, bürokratik problemlər aradan qalxsın.

Şahanə RƏHİMLİ
AzVision.az



Teqlər:  





Xəbər lenti