“Maaşların artırılması heç nəyi dəyişməyəcək” - EKSPERT

“Maaşların artırılması heç nəyi dəyişməyəcək” - EKSPERT
  20 May 2014    Oxunub:1494
Bakı Şəhəri üzrə Təhsil İdarəsi iyun ayında paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsini aparacaq.
AzVision.az bununla bağlı ekspert Azər Mehdiyevin fikirlərini öyrənib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda təhsil sahəsində ciddi islahatlara ehtiyac var. O qeyd edib ki, bu həm də təhsil sisteminin özünün qurulması, təhsil alanlarla münasibətlərin daha səmərəliləşdirilməsi, həm də təhsil işçilərinin öz bilik və bacarıqlarının artırılması, onların əmək haqlarının yüksəldilməsi və ölkədə müasir dövrün tələblərinə cavab verən təhsil sisteminin qurulmasına ehtiyac var.

A.Mehdiyev bildirib ki, təhsil sisteminin qurulmasında müzakirə edilən məsələlərdən biri də təhsilin əsas tərəflərindən biri olan təhsil verənlərin bilik və bacarıqlarının artırılması, onların təhsilin keyfiyyətinin yüksəldilməsi məsələsidir:

“Biz təhsil sahəsində əmək haqlarının aşağı olması, onların əmək haqqının yüksəldilməsini tələb edirik. Lakin, bu da bir reallıqdır ki, özü-özlüyündə indiki şəraitdə təhsil işçilərinin əmək haqqının Avropa standartlarına uyğun olması həm büdcə imkanları baxımından məhdud olmaqla yanaşı, həm də keyfiyyət verməyəcək, heç nəyi dəyişməyəcək. Ona görə ki, bu gün təhsil işçilərini özlərinin arasında tələblərə cavab verməyən, pedaqoji qabiliyyət baxımından bilik,bacarığı xeyli dərəcədə aşağı olan insanlar var ki, onların dəyişdirilməsinə, öz üzərlərində işləməsinə ehtiyac var.”

Ekspert sınaq qiymətləndirmə ilə yanaşı şagird və tələbələrin öz müəllimlərini qiymətləndirilməsi sistemindən danışıb. Bildirib ki, bu sistem vasitəsilə müəllimlərin hansı bacarığa sahib olması üzə çıxacaq:

“Son zamanlarda həm orta məktəblərdə həm də ali məktəblərdə şagirdlərin müəllimləri seçmək imkanlarından danışılır. Bildirilir ki, tələbələr və şagirdlər öz müəllimlərini seçə bilsinlər. Lakin burada belə bir məqam ortaya çıxır ki, yeni gələn tələbələr və şagirdlər müəllimlər haqqında məlumatsız olur. Ona görə də əvvəlki illərin məzunlarının fikirləri həmin şagirdlərə çatdırılmalıdır.”

Azər Mehdiyev bildirib ki, bu sistem müəllimlərin sınaq qiymətləndirmədən keçməsi zamanı çox önəmli rol oynayacaq:

“Bu bir tərəfdən tələbələrin müəllimləri seçməsinə asanlıq gətirir, həm də müəllimlərin bacarığına dair məlumatlarla bağlı rəhbərliyin əlində sənəd olur. Bu, həm də Azərbaycanda təhsil işçilərinin sınaq qiymətləndirmədən keçməsi zamanı çox önəmli kriteriyalardan biridir. Birdən-birə bütöv təhsil sistemini dəyişə bilməsək də, addım-addım bir istiqamətdə dəyişiklik aparılmalıdır. Sınaq Qiymətləndirmənin mühüm göstəricilərindən biri də şagirlərin müəllimlərə olan münasibəti olacaq”.

Ekspert bildirib ki, hazırda müəllimlər bu sınaq qiymətləndirməyə hazır olması ilə bağlı ona çoxlu suallar verilir:

“Bu əslində qəribə görsənir. Ümumiyyətlə, onlar nə zaman hazır olacaqlar? İndidən başlamaq lazımdır ki, müəllimlər öz üzərində məsuliyyət hiss eləsinlər. Və təbii ki, sınaq qiymətləndirmə zamanı tələb olunan meyarların seçilməsi məsələsi önəmlidir, bu dəqiqliklə işlənməlidir. Lakin müasir dövrdə müəllimlər üçün kompüter bacarıqlarının yoxlanılması çox vacib məsələdir. Çünki onun ən adi informasiyanı internetdən axtarıb tapa bilməsi, informasiyaların ötürülməsi zamanı müasir texnologiyalardan yararlana bilmə dərəcəsi yoxlanılır və bu dərin proqram bilikləri tələb edən məsələ deyil. Adi biliklər səviyyəsində bir neçə vacib məqam kimi qiymətləndirilir. Burada qorxulu bir şey görmürəm. Yəni kompüterdə informasiyanın axtarılması, ötürülməsi, toplanması və s. bunların hər bir müəllimin öyrənməsi vacib şərtdir. Müəllim sınaq qiymətləndirilməsi haqqında məlumat alan kimi məsuliyyəti artacaq. Kurslara gedəcək və ya öz üzərində işləyəcək, eləcə də evdə övladları vasitəsilə bunu öyrənəcək”-deyə, ekspert əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti