`Qarabağda referendum o halda keçirilə bilər ki...`

`Qarabağda referendum o halda keçirilə bilər ki...`
  21 May 2014    Oxunub:805
`Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri birlikdə istənilən anda danışıqlar prosesinə qatıla bilərlər`. Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin çox çalışdığı məsələlərdən biri də Dağlıq Qarabağ ermənilərini danışıqlar prosesinə qatmaqdır: "Dağlıq Qarabağ ərazisində münaqişəyədək yaşayan 180 min əhalinin 2/3-si ermənilər və qeyri-millətlər, 1/3-i isə azərbaycanlılar olub. Dağlıq Qarabağ erməniləri bu ərazidə avtoxton deyil, gəlmədirlər. Danışdıqları dildə fars və türk qarışıqlarının olması ermənilərin bu əraziyə haralardan gəldiyini göstərir. Dağlıq Qarabağın 60 minlik azərbaycanlı əhalisi isə təbii demoqrafik proseslərin nəticəsidir və avtoxtondurlar. Lakin bu gün Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlılarının vəziyyətləri fərqlidir. Dağlıq Qarabağ erməniləri özlərini vəziyyətin sahibi hesab edirlər və belə düşünürlər ki, onlar dövlət qurublar. Əgər hətta Ermənistan dövlət kimi mövcud ola bilmirsə, Dağlıq Qarabağda bir ovuc erməninin dövlət qurması gülüş doğurur. Dağlıq Qarabağ erməniləri işğalçı müharibənin iştirakçısıdır və qalib çələngini ona təqdim ediblər".

M.Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağdakı ermənilərin "nailiyyət" hesab etdiyi məsələlərdən biri də onların müstəqillik referendumu keçirmələridir: "Bu referendum azərbaycanlıların deportasiyası ilə müşayiət olunduğu üçün legitim sayıla bilməz. Həm də Dağlıq Qarabağ erməniləri Ermənistana birləşməyin mümkün olmadığını başa düşdükdən sonra "müstəqillik yolunu tutdular". Bütün bu ağır cinayətlərdən ötrü Ermənistan və Dağlıq Qarabağdakı ermənilər cəzalandırılmalı olduqları halda, rahatdırlar və "xüsusi statuslu cinayətkar" kimi qalmaqda davam edirlər. Dağlıq Qarabağ azərbaycanlıları isə əsasən zəhmətkeş insanlardan ibarət olub. Çar Rusiyası erməniləri ora köçürəndə yerli azərbaycanlıların zəhmətkeşliyini və tolerantlığını nəzərə almışdı. Sonda bu xüsusiyyətlər oradakı azərbaycanlıların başına bəla oldu. Gəlmə ermənilər onları deportasiyaya məruz qoydular".

Mərkəzin direktoru deyib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi reallığı nəzərə almağı tələb edir: "Reallıq isə odur ki, 150 ildən çoxdur ki, Dağlıq Qarabağ erməniləri bu ərazidə yaşayır və yaşamalıdır. Dağlıq Qarabağ azərbaycanlıları bu ərazilərə qayıtmalıdır. 2009-cu ildə İtaliyanın Akvil şəhərində ATƏT-in Minsk qrupunun həmsədr ölkə prezidentlərinin qəbul etdikləri Yenilənmiş Madrid Prinsiplərində Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisinin müəyyən edəcəyi göstərilir. Ermənilərin iddia etdiyi kimi, "Dağlıq Qarabağ erməniləri" və "Dağlıq Qarabağ xalqı" yox, məhz Dağlıq Qarabağın əhalisi müəyyən edəcək. Dağlıq Qarabağın əhalisi dedikdə, Dağlıq Qarabağ erməniləri və azərbaycanlılarının birgə məcmusu nəzərdə tutulur. Aralıq statusun da Dağlıq Qarabağ ermənilərinə verilməsinin əsas mahiyyətlərindən biri Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qayıtmasından, birgə yaşayışa şərait yaradılmasından ibarətdir" (Trend).


Teqlər:  





Xəbər lenti