Prezident Zirvə Toplantısına qatıldı - FOTOLAR

Prezident Zirvə Toplantısına qatıldı - FOTOLAR
  21 May 2014    Oxunub:986
Mayın 21-də Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Toplantısında iştirak edib.

Zirvə toplantısı dövlət və hökumət başçılarının Şanxay Ekspo Mərkəzində qarşılanma mərasimi ilə başlayıb.

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, həmçinin digər dövlət və hökumət başçılarını qarşılayıb.

Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Sonra Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısının birinci iclası keçirildi.

İclası açıq elan edən Çin Xalq Respublikasının sədri Si Cinpin nümayəndə heyətlərinin başçılarını salamladı. O, dünyada təhlükəsizliyin təmin olunmasının önəminə diqqət çəkərək bunun dialoq və çoxtərəfli əməkdaşlıq sayəsində mümkün olduğunu vurğuladı. Bildirdi ki, regional və beynəlxalq səviyyədə əməkdaşlıq Müşavirə iştirakçısı olan ölkələrin yürütdüyü siyasətin əsas tərkib hissəsi olmalıdır.

Si Cinpin Müşavirənin bundan əvvəl Türkiyənin sədrliyi ilə uğurlu yol keçdiyini, bir çox vacib qərarların qəbul edildiyini bildirdi, Qətərin və Banqladeşin Müşavirəyə bərabərhüquqlu üzv qəbul olunduğunu diqqətə çatdırdı. O, Zirvə Toplantısının əsas müzakirə mövzularının regionda və dünyada beynəlxalq təhlükəsizlik məsələlərinə həsr edildiyini vurğuladı.


Bundan əvvəl quruma sədrlik edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirdi ki, bu Müşavirə dörd milyard insanın yaşadığı regionda təhlükəsizlik məsələlərinin həll olunmasına böyük dəstək verir. Müşavirənin təhlükəsizlik baxımından yeni konsepsiyanın qəbul olunmasına geniş imkanlar açdığını deyən Ə.Davudoğlu qurumun digər beynəlxalq təşkilatlarla əlaqələrinə də toxundu. Türkiyə xarici siyasət idarəsinin rəhbəri 2016-cı ilə qədər Müşavirəyə sədrliyi Çinin həyata keçirəcəyini diqqətə çatdırdı.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi:

- İlk növbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə uğurla sədrlik etdiyinə görə Türkiyəyə təşəkkür edirəm. Eyni zamanda, səmimi qonaqpərvərliyə və Zirvə Toplantısının yüksək səviyyədə təşkilinə görə Çin Xalq Respublikasının Sədrinə minnətdarlığımı bildirirəm. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə öz fəaliyyəti ilə sülhün, sabitliyin və əməkdaşlığın təşviq olunmasında artıq nüfuzlu beynəlxalq foruma çevrilmişdir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyin Çin tərəfinə keçməsi münasibətilə Çin Xalq Respublikasını səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, iki il ərzində Çinin sədrliyi Asiyada sülh və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcək.

İlham Əliyev bildirib ki, bu gün Azərbaycan-Çin əlaqələrinin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı məmnunluq doğurur: "Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirik. Son iki il ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında birgə fəaliyyət göstərmişik.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyən bütün dövlətlərə təşəkkür etmək istərdim. BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan quruma sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri müzakirəyə çıxarıb, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi təşəbbüsünü irəli sürüb: "Asiyada təhlükəsizlik tədbirləri qlobal təhlükəsizliyin bir hissəsidir. Biz təhlükəsizlik tədbirlərinə kompleks yanaşmanın tərəfdarıyıq. Terrorizmə qarşı mübarizə, regional, enerji, nəqliyyat və informasiya təhlükəsizliyinin təmin olunması, dondurulmuş münaqişələrin həlli kimi məsələlər bir-biri ilə sıx bağlıdır və bəşəriyyətin təhlükəsizliyi üçün vahid mövqenin ortaya qoyulmasını zəruri edir.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın bu gün iştirakçısı və təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələr geniş regional əməkdaşlıq üçün artıq möhkəm əsas yaradıb: "Mən xüsusən də enerji təhlükəsizliyinə aid olan layihələri qeyd etmək istəyirəm. Bu layihələr həm Cənubi Qafqazın, həm də daha geniş regionun enerji xəritəsini tam dəyişərək, bütün iştirakçılara fayda gətirən çox mühüm əməkdaşlıq nümunəsinə çevrilmişdir.

Prezident qeyd edib ki, Azərbaycanın neft ixracının təxminən 28 faizi Asiyadakı tərəfdaşlarının payına düşür: "Bununla Azərbaycan Asiya ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Düşünürəm ki, bu əməkdaşlığın daha böyük perspektivləri vardır".

Dövlət başçısı bildirib ki, Azərbaycan artıq Asiya ilə Avropanı birləşdirən tranzit ölkəyə çevrilərək, iki qitənin nəqliyyat təhlükəsizliyində vacib rol oynamağa başlayır: "Son illər ərzində Azərbaycan nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə böyük sərmayələr yatırmışdır. 2003-2014-cü illər ərzində ölkənin nəqliyyat sahəsinə 21 milyard ABŞ dollarına yaxın investisiya, o cümlədən avtonəqliyyat sektoruna 13,6 milyard, dənizçilik sektoruna 1,3 milyard, hava nəqliyyatına isə 2,7 milyard ABŞ dolları vəsait qoyulmuşdur.
Azərbaycan Xəzər dənizində ən böyük limanı inşa edir. Bakı yaxınlığında tikilən Ələt Beynəlxalq Dəniz Ticarət Limanı yük daşımalarının birinci mərhələdə 10 milyon tona, ikinci mərhələdə isə 20 milyon tonadək artırılmasına imkan verəcəkdir. Bu ilin aprel ayında Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı da açılmışdır.
Biz, həmçinin tarixi İpək Yolunun bərpasına töhfə veririk. Maliyyə yükünün böyük hissəsini Azərbaycanın öz üzərinə götürdüyü Bakı-Tbilisi-Qars dəmir yolu gələn ilin əvvəlində istismara veriləcəkdir. Bu, Asiya ilə Avropanı birləşdirən ən rahat və qısa yol olacaqdır.

Azərbaycanın orbitə çıxardığı telekommunikasiya peyki, təşəbbüskarı olduğu Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi, Azərbaycandan keçməklə Avropa ilə Asiyanı birləşdirən tranzit optik xətlər ölkəmizin informasiya təhlükəsizliyinə verdiyi töhfədir.

Sonda mən bir daha ev sahibi cənab Si Cinpinə səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirir və Zirvə Toplantısının işinə uğurlar arzulayıram".

Şanxay Zirvə Toplantısında bəyannamə qəbul edilib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti