Korrupsiyaya qarşı mübarizə Komissiyası: `Fəaliyyət planı 64% icra edilib`

Korrupsiyaya qarşı mübarizə Komissiyası: `Fəaliyyət planı 64% icra edilib`
  22 May 2014    Oxunub:1167
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planının 2012-2013-cü illər üzrə icrası barədə məlumat yayıb.

Məlumatda öncə xatırladılır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı təsdiq edilmişdi. 2012-2015-ci illəri əhatə edəcək Fəaliyyət Planı Azərbaycan Respublikasında dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, həmçinin bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi məqsədini daşıyır.

Azərbaycan Respublikası 2011-ci ildə beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri olub.

Fəaliyyət Planının qiymətləndirilməsində Komissiya dövlət orqanları tərəfindən təqdim edilmiş məlumatlardan, kütləvi informasiya vasitələrində yer alan informasiyalardan və vətəndaş cəmiyyəti üzvlərinin araşdırmaları, fikir və rəylərindən istifadə edib.

Ümumi olaraq Komissiya tərəfindən aparılan qiymətləndirmənin nəticəsinə əsasən, Fəaliyyət Planında 2012-2013-cü illər üçün nəzərdə tutulan tədbirlərin 64%-i icra edilib.

Belə ki, dövlət qurumlarında informasiya azadlığı üzrə məsul şəxslər müəyyən edilib, daxili icraat qaydaları qəbul olunub, dövlət qulluqçuları üçün ətraflı treninqlər keçirilib.
Həmçinin vətəndaşlarla müxtəlif formatlarda görüşlərin keçirilməsi, açıq qapı forumları, dövlət orqanlarının rəhbər şəxslərinin qəbulları mütəmadi təşkil edilib. Dövlət xidmətlərinin göstərilməsi və bu prosesdə elektron vasitələrdən istifadənin genişləndirilməsi təmin olunub.
“Asan Xidmət” mərkəzlərinin coğrafiyası və göstərdiyi xidmətlər genişlənib, xidmətlərin göstərilməsində vətəndaş məmnunluğu təmin olunub. İctimai əhəmiyyət kəsb edilən qanun layihələrinin hazırlanması vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilmiş və müvafiq əməkdaşlıq şuraları yaradılıb. İctimai İştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

Hesabatda Komissiya müvafiq bəndlər üzrə öz qeydlərini bildirib.

Fəaliyyət Planının icrasının mütəmadi qiymətləndirilməsi həyata keçiriləcək və bununla bağlı məlumatlar ictimaiyyət təqdim ediləcək.

Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planının 2012-2013-cü illər üzrə icrası barədə Komissiyanın Məlumatı BURADAN əldə edilə bilər.


Teqlər:  





Xəbər lenti