ANS-dən Nuşirəvan Məhərrəmliyə sərt ETİRAZ

ANS-dən Nuşirəvan Məhərrəmliyə sərt ETİRAZ
  22 May 2014    Oxunub:867
ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Direktoru Mir Şahin Ağayev bu gün mətbuatda MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin ANS televiziyasının 6 milyonu təyinatı üzrə xərclənmədiyi və bu səbəbdən ANS televiziyasına maliyyə yardımını dayandırması ilə bağlı səsləndirdiyi iddiaya münasibət bildirib.

AzVision.az Mir Şahin Ağayevin Nuşirəvan Məhərrəmliyə ünvanladığı məktubu təqdim edir:

- Hörmətli, Nüşirəvan müəllim!

Sizin tərəfinizdən göndərilən 13 may 2014-cü il tarixli 111/G saylı məktubunuzda qeyd olunan məsələlərin izahına keçməzdən əvvəl fürsətdən istifadə edərək bir daha cənab Prezidentə Milli Televiziyamızın inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə təşəkkürümüzü bildiririk. Məhz bu dəstəyin sayəsində biz “Ağabəyovlar”, “Fatma”, “Xoca” kimi seriallar çəkə bildik. “Xoca”-nın film versiyası isə bir sıra kinofestivallarda nümayiş etdirildi, milyonlarla tamaşaçı bu filmə yalnız kinoteatrlarda tamaşa etdi. Azərbaycanın ən böyük probleminin uğurlu bədii həlli heç kimi biganə qoymadı. Biz bu uğuru məhz cənab Prezidentin qayğısının nəticəsi tək qəbul edirik. Eləcə də ölkənin digər televiziyalarının getdikcə artan keyfiyyətlə çəkdiyi seriallar ondan xəbər verir ki, dövlət başçısının yerli telekanallara olan etimadı əsassız deyil və biz bu ümidi bundan sonra da doğrultmağa çalışacağıq.
İndi isə Sizin xərclərin dövrü ilə əlaqədar bizə tutduğunuz iradlarla əlaqədar aşağıdakıları nəzərinizə çatdırmaq istərdik.

Azərbaycan Respublikasının Prezidenti 05 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında 2830 nömrəli Sərəncam imzalamışdır. Həmin Sərəncam ilə Milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 6 (altı) milyon manat ayrılmışdır. Əlavə olaraq, Sizin rəhbərlik etdiyiniz Şura tərəfindən 05 aprel 2013-cü il tarixdə həmin pul vəsaitlərinin ayrılması ilə əlaqədar 04/1 saylı qərar qəbul edilib.

Bunları nəzərə alaraq, Biz may ayından etibarən “Fatma” serialının çəkilişinə başlamışıq. Serialın çəkilişi daha çox yaz, yay aylarında həyata keçirilməsi zəruriliyi olduğundan, həmin serialın çəkilişini payız və qış aylarına saxlaya bilməzdik. Belə olan halda serial öz keyfiyyətini və əsas süjet xəttini itirərdi. Digər tərəfdən bu serialın çəkilişinə bir çox yaradıcı heyət cəlb olunmuşdur. Əlavə olaraq, serialın çəkilişinə təkcə Azərbaycanlı rejissor, montajçı, operatorlar və digər mütəxəssislər deyil, hətta xarici mütəxəssislərdə öz əməyini sərf ediblər. Onların əməyinin ödənilməsi üçün isə pul vəsaiti xərclənib. Milli Televiziya və Radio Şurası tərəfindən pul vəsaitləri həmin dövrdə ayrılmadığından, biz həmin vəsaiti digər ehtiyaclar üçün sərf etmək yerinə (Məsələn hal hazıradək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə peyk vasitəsi ilə yayımı həyata keçiririk), göstərilən şəxslərin xidmət haqlarını və serialın hazırlanmasına tələb olunan digər xərcləri həyata keçirmişik. Yəni bu il üçün avadanlıqlar alınması üçün nəzərdə tutduğumuz vəsaiti Prezidentin sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün məhz seriala yönəltmişik. Ona ümidlə ki, MTRŞ bizə vəsait ayıracaq.

Belə bir addımın atılmasında Azərbaycan qanunvericiliy ilə yol verilən öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü prinsipini də nəzərə aldıq.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

Ən başlıcası isə onu qeyd etmək istərdik ki, hamı bilir ki, televiziya məkanında sentyabr və oktyabr ayları mövsümün əvvəli kimi hesab və qəbul olunur. Bu isə o deməkdir ki, Prezidentin Sərəncamının preambula hissəsində qeyd olunan məsələlərin təmin edilməsi üçün, biz serialı həmin müddətə çatdırmalı idik. 10 oktyabr 2013-cü il tarixdə isə Milli Televiziya və Radio Şurası ilə 19 saylı müqavilə bağlandı və müqavilə üzrə Bizim Şirkətə ilkin olaraq 120000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaiti ayrıldı. Buna görə Sizə öz təşəkkürümüzü bildiririk.
Məsələnin digər tərəfi də odur ki, müqavilənin 4.2-ci bəndinə əsasən Resipiyent (yəni bizim Şirkət) tərəfindən təqdim edilmiş hesabatlara uyğun olaraq donorun müəyyənləşdirdiyi məbləğdə ikinci ödəniş (ümumi məbləğin 50 %-i) həyata keçirilir. Həmin hesabat 2013-cü ilin dekabr ayında MTRŞ-yə təqdim ediləndən və qəbul olunandan sonra, 24 dekabr 2013-cü il tarixdə Bizim hesaba 200000 (iki yüz min) manat köçürülmüşdür. Elə həmin hesabatda MTRŞ-nin məktubunda qeyd edilən nöqsanlar öz əksini tapmışdır. Bir daha Sizə öz təşəkkürümüzü bildiririk.

Xahiş edirik yuxarıda qeyd olunanları nəzərə alasınız və məktubda qeyd etdiyiniz məsələlərin sübutu kimi göndərdiyimiz hesabatın qəbul edilməsi üçün göstəriş verəsiniz. (anspress)


Teqlər:  





Xəbər lenti