AŞPA prezidenti: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”

AzVision.az xəbər verir ki, iclasda AŞPA-ya üzv dövlətlərin nümayəndə heyətləri, Avropa Şurasının baş katibi Torbyorn Yaqland, sözügedən qurumun prezidenti Ann Brassör, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və digər şəxslər iştirak edirlər.
AŞPA-nın prezidenti Ann Brassör ilk öncə tədbiri təşkil etdiyinə görə Azərbaycan parlamentinin rəhbərliyinə və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə minnətdarlığını bildirib.
O, sonra Ukrayna hadisələrinə qayıdaraq bildirib ki, AŞPA-nın aprel sessiyasında bu məsələyə toxunulsa da, həmin ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra bu məsələyə yenidən qayıdılacaq.
AŞPA prezidenti qeyd edib ki, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün təmin olunmasının dəstəklənməsi həmin qurumun başlıca prinsiplərindən biridir.
“Biz Avropa Şurasına daxil olan ölkələrin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığının təmin olunması prinsipini dəstəkləyirik. Biz həmçinin AŞPA-nın üzvü kimi Azərbaycanın da ərazi bütövlüyünü tanıyırıq. Demokratiya və qanunun aliliyi prinsipi ilə biz təşkilatımızı gücləndirə bilərik. Ona görə AŞPA-nın Nazirlər Kabinetinə sədrlik edən ölkələr öz fəaliyyətlərində bu prinsipləri rəhbər tutmalı və islahatları gücləndirmək lazımdır. Sərbəst toplaşmaq , ifadə azadlığı, korrupsiya qarşı sahəsində Azərbaycanda islahatları gücləndirməlidir”.
Sevinc İltifatqızı
AzVision.az