Səttar Mehbalıyev vitse-prezident seçildi

Səttar Mehbalıyev vitse-prezident seçildi
  23 May 2014    Oxunub:1550
Mayın 18-dən 23-dək Almaniyanın Berlin şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) üçüncü qurultayı keçirilib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, qurultayın açılış mərasimində BHİK-in prezidenti Jau Felisio, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer, Birləşmiş Millətlər Təşkilatını təmsil edən BMT-nin İnkişaf Proqramının administratoru Helen Klark və başqaları çıxış ediblər.

Qurultayda həmkarlar ittifaqları üzvlərinin sayının artırılması çərçivəsində korporativ strategiyalar, regional məqsədlər, milli strateji kampaniyalar, qeyri-formal sektor və gənclər mövzusunda məsələlər, dayanıqlı iş yerləri, davamlı gəlir və sosial yardım çərçivəsində məşğulluq, kollektiv danışıqlar, sosial müdafiə, pensiya gəlirləri, əmək fəaliyyətində qadınların rolu və s. məsələlər, hüquqların reallaşdırılması çərçivəsində risk zonasında yerləşən ölkələr üçün BHİK-in proqramı, əməkçi miqrantların və yerli millətlərin təşkilatlandırılması, qadınlara qarşı zorakılıq, əməyin mühafizəsi məqsədilə təşkilatlanma, qeyri-standart məşğulluq və digər məsələlər müzakirə olunub.

Qurultayda Azərbaycan Həmkarlar İttifaqlarının nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin rəhbəri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev məruzə ilə çıxış edib.

Qurultayın yekununda 161 ölkədən 178 milyon üzvü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər orqanları seçilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Mehbalıyev qurultayda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti