Döyülən uşağa görə cinayət işi açıldı

Döyülən uşağa görə cinayət işi açıldı
  24 May 2014    Oxunub:1045
Xəbər verildiyi kimi, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin 2-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü Cavadov Nahid Zaur oğlunun məktəbin direktoru Afaqət Əsgərova tərəfindən döyülməsi və xəsarət alması barədə məlumatlar yayılıb.
İctimai rezonans doğuran həmin informasiyada göstərilən xüsusatlar üzrə Təhsil Nazirliyi, polis və prokurorluq orqanları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Təhsil Nazirliyinin və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərindən AzVision.az-a verilən məlumata görə, ilkin araşdırmalar zamanı N.Cavadovun mayın 16-da saat 17:00 radələrində məktəbin sanitar qovşağına gedərkən müvazinətini itirərək yıxılması nəticəsində baş nahiyəsindən xəsarət alması qənaətinə gəlinib və bu barədə mayın 20-də Daxili İşlər Nazirliyi, mayın 21-də səhər saatlarında isə Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə geniş açıqlama verilib. Araşdırmaların obyektivliyinin təmin edilməsi məqsədi ilə internat məktəbinin rəhbərliyi və hadisədə adı hallandırılan digər şəxslər tutduqları vəzifədən müvəqqəti kənarlaşdırılıblar.

Araşdırmalar zamanı N.Cavadovun yıxılma nəticəsində xəsarət alması xüsusatı özü və bilavasitə bu hadisəni görən digər şəxslərin izahatları ilə təsdiq edilib.

Lakin, mayın 21-də axşam saatlarında bəzi informasiya agentlikləri və sosial şəbəkələrdə N.Cavadovun məktəbin direktoru tərəfindən döyülməsini bildirməsi barədə videogörüntü yerləşdirilib. Bununla bağlı aparılmış araşdırmalar zamanı N.Cavadov və onun valideyni izahatlarında məktəbin müəllimi tərəfindən aldadılaraq onun və digər şagirdlərin guya məktəbin direktoru A.Əsgərova tərəfindən döyülməsi barədə yalan məlumat verməyə təhrik edildiyini bildiriblər.

Sağlamlıq imkanı məhdud olan N.Cavadovun internat məktəbində xəsarət alması ilə bağlı toplanmış materialda Cinayət Məcəlləsinin 296.1-ci (bilə-bilə yalan xəbərçilik etmə) və 314-cü (səhlənkarlıq) maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətləri mövcud olduğundan fakta görə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Bakı Şəhər Prokurorluğunun istintaq idarəsinə tapşırılıb.

Hazırda iş üzrə N.Cavadovun döyülüb-döyülməməsinin müəyyənləşdirilməsi məqsədi ilə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti