Türk silahı daha bir embarqonu aşdı

   Türk silahı daha bir embarqonu aşdı
  17 Aprel 2023    Oxunub:1478
Fransa Türkiyəyə qarşı hava hücumundan müdafiə və "hava-hava" raketləri üçün vacib olan lazer yaxınlaşma sensorlarına embarqo qoymuşdu. Türkiyə embarqonu yerli sistemlərlə dəf edib.
Türk müdafiə sənayesi son zamanlar hava hücumundan müdafiə və "hava-hava" raketləri sahəsində mühüm işlər görür. "Roketsan" tərəfindən hazırlanan “HİSAR-A+”, “HİSAR-O+”, “HİSAR-RF” və “SİPER” tipli hava hücumundan müdafiə raketləri və TÜBİTAK SAGE tərəfindən hazırlanan “BOZDOĞAN” və “GÖKDOĞAN” "hava-hava" raketləri tədricən kütləvi istehsala keçir.

Hədəfə ən yaxın məsafədə raketlərinin döyüş başlıqlarının partladılması üçün kritik əhəmiyyət kəsb edən lazer yaxınlaşma sensorları Fransanın "Thales" şirkətindən (əslində “Thales”in İngiltərə bölməsindən) alınırdı. "Thales" şirkəti lazer yaxınlıq sensorları ilə bağlı "Roketsan"a embarqo qoyandan sonra "Roketsan" HİSAR tipli hava hücumundan müdafiə raketləri üçün milli imkanlarla hazırladığı yaxınlaşma sensorunu istifadəyə verdi.

Digər tərəfdən, TÜBİTAK SAGE Milli Lazer Hədəf Detektoru (MIHAL) Layihəsi çərçivəsində “lazer yaxınlaşma sensoru”nu inkişaf etdirdi. Keçən il müvəffəqiyyətlə sınaqdan keçirilmiş MİHAL Lazer Yanaşma Sensorunun kütləvi istehsalına başlanıldı.


Beləliklə, Fransanın Türkiyəyə tətbiq etdiyi embarqo yerli müdafiə sənayesinin milli imkanlarla həm radar, həm də lazer yaxınlaşma sensorları hazırlaması ilə sona çatdı. Üstəlik, "Roketsan" və TÜBİTAK SAGE hətta inkişaf etdirdikləri sensorların ixracı istiqamətində fəaliyyətə başladılar.

SavunmaSanayiST.com-un müdafiə mənbələrindən əldə etdiyi məlumata görə, türk müdafiə sənayesi lazer və radara əsaslanan yaxınlaşma sensorlarının üstünlüklərindən eyni anda faydalanmaq üçün hibrid sensorlarını inkişaf etdirməyə başlayıb.

Yaxınlaşma sensorları hava hədəflərini məhv etmək üçün hazırlanan raketlərdə kritik avadanlıq sayılır. Bu raketlərin döyüş başlıqlarının hava hədəfinə ideal məsafədə partlaması üçün lazım olan məlumatlar yaxınlaşma sensorlarından əldə edilir.

Ə.V.
AzVision.az


Teqlər: Silah   Türkiyə  





Xəbər lenti