Üsyançı muzdlular Rusiya küçələrində barrikadalar qururlar - VİDEO

  Üsyançı muzdlular Rusiya küçələrində barrikadalar qururlar    - VİDEO
  24 İyun 2023    Oxunub:1346
Rusiyada hərbi-siyasi vəziyyət daha da gərginləşib.
Səhər saatlarında Ukrayna cəbhəsindən çıxaraq Rostova gələn yüzlərlə "Vaqner" dəstəsi ölkədə hərbi çevrilişə start verib.

Putin: "Üsyan cəhdi kürəyimizə bıçaq zərbəsidir" - VİDEO
Bu dəqiqələrdə isə muzdlu döyüşçülər küçələrdə istehkamlar quraraq Müdafiə Nazirliyinə tabe olan qoşun bölmələrinin onlara mümkün hücumlarına hazırlaşırlar. Yerli KİV yazır ki, mühüm strateji obyektlərdə ağır silahlar və zirehli maşınlar saxlanılır.

"Vaqner"çilər hətta sirkin həyətinə belə tank yerləşdiriblər.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin muzdlu hərbi təşkilatın arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Vaqner   Üsyan   Rostov  





Xəbər lenti