Günvurmadan qorunmaq üçün nələrə əməl edilməlidir? - Həkim açıqladı
Yüngül dərəcədə rast gəlinən şikayətlərdə ürəkbulanma, ürək döyüntülərinin sayının artması, göz bəbəklərinin genişlənməsi, yüngül təngnəfəslik və baş ağrıları müşahidə edilir. Orta dərəcə daha kəskin baş ağrıları, qusma, qulağın batması, yüksək halsızlıq, bədən temperaturunun artması, huşitirmə halları ilə müşahidə olunur. Ağır dərəcəli günvurmada isə kəskin halsızlıq, bədən temperaturunun 40-41 dərəcəyə qalxması, qarabasmaların olması, hətta komaya düşməsi də müşahidə oluna bilər.
O qeyd edib ki, günvurma əlamətlərində temperaturun yüksəlməsindən əlavə qızarmış quru dəri, huşun itməsi, zəif nəbz, ürək ritmi və tənəffüs pozğunluğu müşahidə olunur.
"Günvurma zamanı orqanizmdə hərarət artır, tərləmə sürətlənir, qanın maye hissəsi azalır, arterial təzyiq enir. Arterial təzyiq endiyi üçün beyində qan dövranında pozulmalar əmələ gəlir ki, bu da özünü baş gicəllənmə, göz qabağında qaraltılar, qarabasmalar kimi hallarla büruzə verir".
Könül Bənənyarskaya bildirib ki, günvurma zamanı təcili tibbi yardım gələnə kimi ətrafdakıların göstərdiyi yardım ilk növbədə günəş təsirinə məruz qalmış insanı sərin və kölgə yerə çəkmək olmalıdır: “Üst geyimləri varsa, onları yüngülləşdirmək lazımdır. Bədən temperaturunu aşağı salmaq üçün boyun, qol altı, qasıq nahiyələrə soyuq kompreslər qoymaq lazımdır. Xəstəyə sərin su verilməlidir. Əgər xəstə huşunu itiribsə, ona naşatır spirti iylətmək, tənəffüsdə, ürəkdə problem varsa, süni tənəffüs və qapalı masaja keçmək lazımdır”.
Həkim günvurmadan qorunmaq üçün məsləhətlərini də verib: “İnsanlar günəş şüaları altında çox qalmamağa çalışmalıdır, əgər hansısa işlə bağlı bu zərurət yaranarsa, mütləq şəkildə papaq, baş örtükləri, çətir kimi qoruyucu vasitələrdən istifadə etməlidirlər. Həmin şəxslər yanlarında sərin su gəzdirməlidirlər, gün ərzində qəbul edilən mayenin miqdarı normadan çox olmalıdır. Vətəndaşlara tövsiyə olunur ki, günün qızmar vaxtlarında – saat 12:00 – 17:00 arası açıq günəş şüalarının düşdüyü yerdə olmasınlar. Çimərliklərdə saat 11-ə qədər və 16-dan sonra olmaq məsləhətlidir”.
Aytən Zəhra
AzVision.az
Teqlər: