İran hökuməti Beynəlxalq arbitraj məhkəməsinə rəsmi müraciət edəcək

İran hökuməti Beynəlxalq arbitraj məhkəməsinə rəsmi müraciət edəcək
  31 İyul 2023    Oxunub:1032
Cənubi Koreyadan 7 milyard dollar vəsaitin geri alınması barədə şikayətlə bağlı İran hökuməti rəsmisinin ölkə parlamentinə göndərdiyi məktubu yerli media və sosial media istifadəçilərində maraq doğurub.
AzVision.az xəbər verir ki, ötən həftə parlamentin sədri Məhəmmədbaqir Qalibafa ünvanlanan bu məktubda “İranın Mərkəzi bankı ilə Koreya respublikası hökuməti arasında mübahisənin arbitraj məhkəməsinə verilməsi” başlıqlı qanun layihəsinin parlamentə göndərildiyi bildirilir.

Ötən aylarda Rəisi hökumətinin rəsmiləri dəfələrlə gah Cənubi Koreyadan bu pulu almaq barədə razılıq əldə etdiklərini, gah da geri aldıqlarını iddia etsələr də, məktubun dərci bu iddiaların yalan olduğunu göstərir.

ABŞ-ın JCPOA-dan (İranın nüvə problemi üzrə 5+1 formatı) çıxmasından və Tehrana qarşı sanksiyalarını yenilədikdən sonra İranın bu Asiya ölkəsinin banklarındakı dondurulan pullarına görə Tehran-Seul münasibətləri gərginləşib.

Seul ABŞ-ın JCPOA-dan çıxmasından əvvəl İran neftinin əsas müştərilərindən biri idi və yeddi milyard dollarlıq vəsait də İranın Cənubi Koreyaya neft ixracı ilə bağlıdır. Tehran son illərdə həmin pula çıxış almaq üçün yollar arayır. Keçən ilin oktyabrında İranın hökumət mediası İran-Amerika ikili vətəndaşlığı olan Baqer Namazinin azad edilməsi müqabilində Cənubi Koreyada bloklanan İran aktivlərinin “yeddi milyard dollar”ını sərbəst buraxmaq barədə razılığa gəldiyini elan etsə də, bir neçə gün sonra Bayden administrasiyasının yüksək səviyyəli rəsmisi tərəfindən bu xəbər təkzib olundu.



Maraqlıdır ki, hətta şənbə günü Rəisi hökuməti rəsmisinin parlamentə göndərdiyi rəsmi məktubun şəklinin dərc olunması da yeni xəbər deyil. Bir həftə əvvəl prezidentin müavini Məhəmməd Dehqan hökumətin bu hərəkəti ilə bağlı niyyətini Twitter hesabında açıqlayıb.

“Lazımi işlər görülüb və Cənubi Koreyaya qarşı arbitraja müraciət etmək üçün qanun layihəsi parlamentə göndərilib....Parlamentdən arbitraja müraciət üçün icazə alan kimi, mütləq edəcəyik. Arbitraj məhkəməsində şikayətimizə başlayaq”, - Dehqan bildirib.

Bu məsələdə hökumət rəsmisi Haaqa Beynəlxalq Arbitraj məhkəməsinə istinad göstərir.

Tehranın istər Cənubi Koreyada, istərsə də digər ölkələrdə dondurulmuş vəsaitlərlə bağlı son vaxtlar böyük ciddi-cəhdlə əl-ayağa düşməsinin əsas səbəbi İranda sosial-iqtisadi vəziyyətin kəskinləşməsi ilə bağlıdır. Belə ki, İranın Proqram və Büdcə təşkilatının yüksək vəzifəli şəxsləri bu il hökumətin borcunun pik həddinin 3 milyon 000 milyard tümən təşkil edəcəyini və ölkənin ötən il tarixi büdcə kəsirinin isə 794 milyon tümən olduğunu açıqlayıblar.

Beynəlxalq Valyuta Fondunun statistikası da hökumətin borcunun pik həddi olan 100 milyard dollara çatdığını açıqlayıb ki, bu da İranın ümumi daxili məhsulunun üçdə birinə bərabərdir. Cari ildə isə bu rəqəmin 12 milyard dollar artacağını proqnozlaşdırıb.

Sahil İsgəndərov
Kamran İsayev

AzVision.az



Teqlər: Tehran   Seul  





Xəbər lenti