Türk əsirləri yunanlara vermədi //İki xalqın dostluq simvoluna çevrilən şərəfli yapon

      Türk əsirləri yunanlara vermədi   //İki xalqın dostluq simvoluna çevrilən şərəfli yapon
  01 Avqust 2023    Oxunub:1977
İsti, rahat kabinetlərdə əyləşib və ya geniş auditoriyaların tribunasından müharibələri tərifləmək, onun "faydalarından" moizə oxumaq çox asandır. Savaşlar bütün hallarda bir ovuc insan üçün haqsız qazanc mənbəyi ola bilər. Bəşiyyətə, insanlığa vurduğu maddi və mənəvi zərər isə heç bir ölçüyə sığmaz.
Çox təəssüf ki, milyonlarla həqiqi qəhrəmanları elə məhz müharibələr zamanı tanıya bilirik.
Onlardan biri də üzləşdiyi çətinliklərə, təzyiqlərə rəğmən aldığı tapşırığı tam və dəqiq yerinə yetirib, iki xalqın dostluq simvoluna çevrilən şərəfli yapon polkovnik-leytenantı Yukiçi Tsumuradır.

1917-ci il Rusiyada baş verən oktyabr çevrilişindən sonra ölkədə vətəndaş müharibəsi başlayır. Ağ və Qırmızı ordu arasında gedən toqquşmalara artıq xaricdən də müdaxilələr edilir. Müharibənin gedişində Ağ orduya köməyə gedən Yaponiya ordusu Sibiri işğal edir. Bununla da həmin bölgədə I Dünya müharibəsi zamanı Qızıl ordu tərəfindən ailə üzvləri ilə birgə əsir saxlanılan 1012 Osmanlı əsgəri yaponların nəzarətinə keçir.



Çoxsaylı xarici dövlətlərin, o cümlədən Antanta ölkələrinin tələblərinə əhəmiyyət verməyən Yapon höküməti əsirlərə toxunmur, onları azad edir və diplomatik danışıqlardan sonra birbaşa Osmanlıya təhvil verməyə qərar verir. Orta hesabla 6-7 illik məşəqqətli əsir həyatı sona yetir. Osmanlı isə öz növbəsində 48 min sterlinq göndərərək, səfərin başlanılmasını istəyir. Qərara əsasən, əsirlər Hind okeanı vasitəsilə 1921-ci ildə Heymey Maru adlı gəmi ilə Vladivostokdan İstanbula göndəriləcəkdi.

Yukiçi Tsumara adlı yapon ordusunun polkovnik-leytenanının komandanlığı ilə gəmi uzun və çətin səfərə çıxır. Səfərin müddəti 45 gün hesablanmışdı.Yukiçi Tsumara Yaponiyanın Hərbi Dəniz Qüvvələrində xidmət edirdi və adətən ən çətin tapşırıqlar ona verilirdi. Fevralın şaxtasında hərəkətə başlayan gəmi okeanı keçib son mənzilə doğru irəliləyirdi. Aprelin 5-i doğma Egey dənizinin ilıq sularına çatanda həm əsirlər, həm də cəsur komandan səfərin son saatlarının olduğunu düşünürdülər. Amma nə yaponların, nə də türk əsirlərin gözləmədiyi qorxunc bir hadisə baş verdi...



Egey dənizinin Osmanlıya aid sahilləri Yunanıstan tərəfindən işğal olunmuşdu. Dolayısıyla daxil olduqları sular da yunanların nəzarətində idi. Bu hadisəni onlar yunan gəmiləri Heymey Marunu mühasirəyə alanda öyrənirlər. İllərlə Sibirin şaxtasında məşəqqətli əsirlik həyatının belə sonlanma ehtimalı doğurdan da dözülməz və ağır idi. Yunanlar bu ərazilərin artıq onlara məxsus olduğunu bildirirlər və polkovnik-leytenant Tsumaradan dərhal və qeyri-şərtsiz türk əsirlərinin onlara təhvil verilməsini tələb edirlər.



Yapon komandanın qəhrəmanlığı məhz bu hadisədə bir daha üzə çıxır. Soyuqqanlılığını qoruyub saxlayan Tsumara heç bir şərtlə əsirləri onlara təhvil verməyəcəyini və lazım gələrsə, qüvvələrin nisbətindən asılı olmayaraq döyüşəcəyini hərbçi qüruru ilə bəyan edir. Öz həyatını da riskə atmağa hazır olan igid əsgər nə olur-olsun ona verilən tapşırığı sonuna qədər və tam olaraq yerinə yetirəcəyini bildirir. Onun qətiyyətini görən yunanlar geri çəkilməyə məcbur olurlar. Tsumaranın müqavimətinin qarşısında tab gətirmək mümkün deyildi. Heymey Maru bütün sərnişinləri ilə birgə Midilli adasında mühasirədə qalır.
Yapon komandan əsirlər qarşısında and içərək bildirir ki, onları yunanlara təhvil verməyəcək.

Lakin gəmidəki ərzaq 45 gün üçün hesablanmışdı və vaxt keçdikcə tükənirdi. Yunanlar əsirləri zorla almağa çəkinirdilər və hər kəs bütün bunların nə ilə nəticələnəcəyini gözləyirdi. Nəhayət, Birləşmiş Millətlər (indiki BMT) məsələyə qarışır. Bundan sonra 300 uşaq, qadın və xəstə əsirin İstanbula göndərilməsinə nail olurlar. Lakin, Heymey Maru gəmisi 8 ay boyunca Midillidə əsir həyatı yaşayır. Qəhrəman Tsumara təxminən 600-700 türk əsgərinin yanında qalmağa davam edir. Bu müddət ərzində ona təzyiqlər və basqılar artır.
Əsarət müddətində Tsumara Qızıl Aypara və digər beynəlxalq cəmiyyətlərə, təşkilatlara məktublar yazır. Nəhayət, 8 aylıq ağır əsirlik həyatı onun böyük zəhmətləri sayəsində sona çatır.



İtaliyaya aparılmaq təminatı alan yapon komandan əsirləri Qızıl Ayparaya təhvil verir. Osmanlı dövləti də dərhal Ümid gəmisi ilə əsgərlərini vətənə gətirir. Lakin, aclıqdan və xəstəlikdən Midillidəki əsirlik dönəmində əsgərlər arasında həyatını itirənlər olmuşdu. Aclığa və xəstəliyə əmanət əsgərlərlə birgə dözən yapon komandanın türk xalqına xidməti təkcə onları təhvil verməməklə bitmədi. Onun xidmətləri sayəsində ölkəsinə qayıdan əsgərlər sonradan Atatürkün başlatdığı “Qurtuluş Savaşı”nda misilsiz xidmətlər göstərdilər.

İgid yapon əsgər sarsılmaz türk-yapon dostluğunun əsasını qoydu. Türk xalqı və dövləti onun xatirəsini əziz tutaraq, İstanbulun Beykoz rayonunda əsas küçələrdən birinə onun adını verib, haqqında sənədli filmlər çəkilib. “Vətənə gedərkən Heymey Maru” filmi onun misilsiz qəhrəmanlığından bəhs edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyaya səfərində türk xalqının əziz polkovnik-leytenant Yukiçi Tsumuranın qəhrəmanlığını əsla unutmadığını bəyan etmişdi.



Ləman Bağdad
AzVision.az


Teqlər:





Xəbər lenti