İranda qadın hüquq müdafiəçiləri həbs olundu

 İranda qadın hüquq müdafiəçiləri həbs olundu
  17 Avqust 2023    Oxunub:1065
İranın təhlükəsizlik güvvələri Rəşt, Fuman, Ənzəli və Lahican şəhərlərində mülki fəal və qadın hüquqları müdafiəçiləri olan 9 qadını həbs ediblər.
AzVision.az “RadioFərda”nın məlumatına istinadən xəbər verir ki, həbslər çərşənbə günü səhər saatlarında həmin şəxslərin evlərində həyata keçirilib. Mülki fəalların saxlandığı müəssisə və harada olması barədə hələ də məlumat yoxdur.

Qadın hüquqları müdafiəçisi Mənsur Şücai “RadioFərda”ya müsahibəsində bu qadınların həbsinin səbəbini Məhsa Əminin ölüm ildönümünün yaxınlaşması ilə izah edib.

“Hakimiyyətin nəzarəti altındakı qurumlar uzun müddətdir ki, il dönümü üçün nə etməli olduqlarını planlaşdırıblar və belə qərar veriblər. Bu insanların hamısı qadın hərəkatının, fəhlə və tələbə hərəkatının fəallarıdır və onlardan bəziləri, məsələn, xanım Cəvahiri, Səminiya və Yəzdani qadın hərəkatının tanınmış simalarıdır. Onlar 20 ildən artıqdır ki, bu sahədə çalışırlar. Şübhəsiz ki, bu repressiyalar başqa vilayətlərə də yayılacaqdır”, - Şücai deyib.

Həbs olunan qadın fəallar Mətin Yəzdani, Foruğ Səminiya, Yasmin Həşdəri, Cilvə Cəvahiri, Zəhra Dadrəs, Zöhra Dadrəs, Negin Rzayi, Şiva Şahsiyah və Vahidə Xoşsirətdir.
AzVision.az


Teqlər: İran   Gilan  





Xəbər lenti