İranda müəllimlərin işdən çıxarılması davam edir

İranda müəllimlərin işdən çıxarılması davam edir
  18 Avqust 2023    Oxunub:1205
Tehrandakı mürtəce rejim etirazçı tələbələri dəstəkləyən müəllim-professor heyətinin təqibi siyasətini dayandırmır.
AzVision.az xəbər verir ki, Tehranın Əllamə universitetinin rəhbərliyi “əməkdaşlığa xitam” məktubu göndərərək, sosiologiya üzrə professor Mehdi Xoyini işdən çıxarıb. Professorun öz İnstaqram hesabında paylaşdığı qısa bir mətndə yeddi il müəllimlik etdikdən sonra işdən xaric edildiyi bildirilir.

“Mən Allame universitetinin sosiologiya müəllimi Mehdi Xoyiyəm, heç kimə rüşvət verməmişəm və Allah bilir ki, yalnız xalqa və tələbələrə bağlı olmuşam. 7 illik tədrisdən sonra əməkdaşlığa son qoyulması barədə məktub almışam. Məni evim olan universitetdən qovurlar və bu haqsızlıqdan hara şikayət edəcəyimi bilmədiyim üçün çarəsizəm”, - Xoyi deyib.

Professorun bu yaxınlarda bir məclisdə “şöhrət və məşhurların tənqidi” ilə bağlı dediyi sözlər sosial şəbəkə istifadəçiləri tərəfindən diqqət çəkib. Əllamə universitetinin Sosial elmlər fakültəsinin bir qrup tələbəsi bəyanat yayaraq Mehdi Xoyinin işdən çıxarılmasına etiraz ediblər.

Tələbələr yaydıqları bəyanatda universiteti, xüsusilə Sosial elmlər fakültəsini zülmə qarşı dayanmağın və müqavimətin döyünən ürəyi adlandırıblar.

“Tələbələrin təhsildən uzaqlaşdırılmasından tutmuş, mövcud ölümcül boğulmadan sağ çıxan bir neçə professorun hədələnməsinə və işdən çıxarılmasına qədər, istibdad əlaltılarının bu qalanı dağıtmaq üçün bütün ümidsiz cəhdləri qalmaqdadır. Biz müəllimimiz professor Mehdi Xoyini bütün gücümüzlə dəstəkləyirik”, - bəyanatda deyilir.

Bu prosesin ən qısa zamanda ləğv edilməsi, professor-müəllim heyətinin, tələbələrin fəaliyyətinə lüzumsuz və təhlükəsizlik müdaxilələrinə son qoyulması tələbini irəli sürən tələbələr, əks halda dərslərə gəlməkdən çəkinəcəklərini açıqlayıblar.
AzVision.az


Teqlər: İran   müəllimlər  





Xəbər lenti