İranda tutulan Fəridə 2 illik həbs verildi

 İranda tutulan Fəridə 2 illik həbs verildi
  18 Avqust 2023    Oxunub:1108
İranda həbs edilən Fərid Səfərliyə hökm oxunub.
Bu barədə Fəridin anası Dilarə Əsgərova məlumat verib. O bildirib ki, hakim son məhkəmə olmadan, Fəridə son söz vermədən, öz kabinetində bu qərarı verib və Fərid artıq qərarı məktub şəklində alib:

"Fərid qərarla barışmır, heç bir sübut olmadan bu cəzanın verilməsini qəbul edə bilmir.

Hökmün verilməsi üçün hakimin istinad etdiyi " sübutlar": 1.Fərid İranda tutduğu evin kirayə pulunu avro ilə ödəyib və bununla da İran ərazisində qeydiyyata düşmək istəməyib (Halbuki bunu ev yiyəsi təklif edib: Avro ilə də ödəniş edə bilərsən).

2.Fəridin kirayə tutduğu evə İrandan çıxmağa 4-5 gün qalmış gizli kamera quraşdırılıb və qızla ingiliscə olan danışıqlar qeydə alınıb. Məhkəmədə həmin səs yazıları və bu səsin farscaya tərcuməsi səsləndirilib, Fəridin deməsinə görə səs yazısında əslində heç bir sübut yoxdur, sadəcə tərcümə çox ciddi təhrif olunub. Məsələn Fərid internet zəifliyindən mənimlə əlaqə saxlaya bilməməsindən qıza gileylənib, bunu məhkəmədə fars dilində Fəridin İranda kiminləsə görüşünün hansısa səbəbdən baş tutmaması kimi elan ediblər. Ona görə Fəridlə İranda başqa tərcüməçi tutub materialə yenidən tərcümə etdirməyə qərar verdik.

3. Fərid guya 2022-ci ildə İrana alman nömrəsi ilə 19 dəfə zəng vurub. Fərid bu iddiani rədd edib və bu zənglərin çıxarışını tələb edib. Ona bildirilib ki xarici zənglərin çıxarışını çıxartmaq mümkün deyil. Fərid sual verib ki, bəs hardan bildiz ki, bu nömrələrə mən zəng etmişəm.Təbii ki, qaneedici cavab almayıb. Vəkilin hakimlə görüşü zamani hakim qeyd edib ki, məhkəmə zamanə Fəridin özünü dikbaş, yəni günahkar deyil, tələbkar kimi aparması onun xoşuna gəlməyib".

D.Əsgərova ədalətsiz hökmdən narazıdır: "İllərini ver təhsil al, dillər öyrən, peşəni təkmilləşdir, çoxdan arzuladığın bir iş təklifi al, işə başlayana qədər gedib sevdiyinlə görüşməyi planla, axırda səni belə şərləsinlər. Fərid sonda mənə dedi ki, SEPAH-ın zindanında yaşadıqlarına baxmayaraq, çıxandan sonra bütün bunları unutmağa çalışacaq. Bu, kiçik səhvdən böyük dərs alacaq və həyatında yenidən hər şeyi yoluna qoyacaq".

Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Sonradan onun casusluq ittihamı ilə həbs olunduğu məlum olub. O, istintaq və məhkəmə dövründə verilmiş ittihamlarla əlaqəsiz olduğunu deyib. 19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti