İranın ələ keçirilmiş neftini Texasda boşaltmağa başladılar
ABŞ rəsmiləri və ya Los-Ancelesdə yerləşən “Süveyş Rajan” gəmisinin məxsus olduğu şirkətin rəhbərliyi bu məlumata hələ ki, reaksiya verməyib.
Ötən ilin fevralında, “Nüvə İranına qarşı alyans” qrupu “Süveyş Rajan”ın İranın xam neftini Fars körfəzindəki Xark adasından yükləməkdə şübhəli bilindiyini açıqlamışdı.
Tanker bir neçə ay Sinqapurun şimal-şərq sahillərində Cənubi Çin dənizində olduqdan sonra, qəfildən Meksika körfəzinə doğru hərəkət edib.
“Süveyş Rajan” neft tankerinin boşaldılmasının mümkün ola biləcəyi barədə xəbərlərin qarşılığında SEPAH Hərbi Dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri bu halda İranın cavab tədbirləri görəcəyini açıqlayıb.
“İndi biz bəyan edirik ki, hər hansı bir Amerika neft şirkəti neftimizi bu tankerdən tökməyə cəhd göstərsə, biz məsələyə daxil olacağıq. Biz Amerikanı da məsuliyyətli hesab edirik, onlar qisas gözləməlidirlər”, - Təngsiri deyib.
AzVision.az