Yaponiya rekord məbləğdə, 53 milyard dollarlıq hərbi büdcə hazırlayır

Yaponiya rekord məbləğdə,    53 milyard dollarlıq hərbi büdcə hazırlayır
  22 Avqust 2023    Oxunub:1155
Yaponiya Müdafiə Nazirliyi 2024-cü maliyyə ili üçün ölkə tarixində rekord məbləğdə - 7,739 trilyon yen (indiki məzənnə ilə 53 milyard dollardan çox-red.) üçün hərbi büdcə müzakirələrinə başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı iqtisadi qəzeti olan Nikkei məlumat yayıb.

Yeni hərbi büdcə xüsusilə ölkənin cənub-qərbində ABŞ-dan alınmış ən son beşinci nəsil F-35B döyüş təyyarələri ilə təchiz edilmiş yeni eskadronun formalaşdırılmasını nəzərdə tutur. "Aegis" çoxməqsədli kompüterləşdirilmiş izləmə və istiqamətləndirmə sistemlərinə malik əlavə iki esminesin tikintisi üçün vəsaitin ayrılması planlaşdırılır.

Həmçinin kritik vəziyyət yarandıqda qoşunları Tayvan yaxınlığındakı Şərqi Çin dənizindəki ucqar adalara köçürmək üçün nəzərdə tutulmuş dəniz nəqliyyat dəstəsi də yaradılacaq. Onun müxtəlif dərəcəli gəmilər və helikopterlərlə təchiz edilməsi nəzərdə tutulur.

Silahlı qüvvələrdə yeni vahid inteqrasiya edilmiş rabitə və informasiya emalı sisteminin, habelə potensial düşmənin ərazisinə zərbə endirməyə qadir olan uzaqmənzilli raketlərin inkişafının sürətləndirilməsi nəzərdə tutulur.

Tural Tağıyev
AzVision.az


Teqlər: Yaponiya  





Xəbər lenti