1 aya 21 min əcnəbini deportasiya etdilər

 1 aya 21 min əcnəbini deportasiya etdilər
  22 Avqust 2023    Oxunub:1461
Son bir ay ərzində İstanbul rəsmiləri şəhərdə yaşayanlar arasından Türkiyədə olmaq üçün qanuni əsası olmayan 21 min əcnəbini müəyyən edib.
“Star” qəzeti xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir qeyd edib ki, səyyar miqrasiya keçid məntəqələri layihəsi sayəsində qeyri-leqal immiqrantları aşkar etmək mümkün olub. Bu layihə İstanbulda pilot layihə kimi sınaqdan keçirilir. Polis operativ qaydada və yerindəcə əcnəbilərin barmaq izlərini və sənədlərini yoxlamaq imkanı əldə edib. Yoxlanış üçün saxlanılan şəxs şəxsiyyət vəsiqəsini təqdim edə bilmirsə və sistemdə əcnəbilərin ölkəyə girişi zamanı götürülən barmaq izi tapılmırsa, qanun pozucusu əlavə yoxlama üçün miqrasiya şöbəsinə aparılır.

“21 min əcnəbinin Türkiyədə olmaq üçün qanuni haqqı olmadığını, yəni qeyri-qanuni mühacir olduğunu müəyyən etmişik. Onlar barəsində deportasiya proseduru başlatmışıq və onlar ölkədən çıxarılıblar”, - “Star” qəzeti Yerlikayanın sözlərindən sitat gətirib.

Nazir onu da bildirib ki, hazırda Türkiyədə 4,8 milyon insan miqrant statusundadır. Onlardan 1,2 milyonu qanuni yaşayış icazəsinə sahib olanlardır. 290 mindən çox miqrant mühafizə altındadır. Türkiyədə 3,3 milyon suriyalı müvəqqəti himayə altında yaşayır.
AzVision.az


Teqlər:





Xəbər lenti