Tehranın yeni PUA-sı: sığınacaqlarınızı hazırlayın

Tehranın yeni PUA-sı:    sığınacaqlarınızı hazırlayın
  23 Avqust 2023    Oxunub:1420
İranın Müdafiə mazirliyi ABŞ istehsalı olan MQ-9 pilotsuz uçan aparatına çox bənzəyən “Mühacir 10” adlı yeni PUA təqdim edib.
AzVision.az “İRNA” agentliyinə istinadən xəbər verir ki, bu dron havada 24 saat uçmaq və 2000 kilometr məsafə qət etmək qabiliyyətinə malikdir ki, bu da İranla İsrail arasındakı coğrafi məsafədən də böyükdür.

Bu PUA-nı “müstəsna” qurğu adlandıran İranın Müdafiə naziri “Mühacir 10”-nun “kəşfiyyat quşu” kimi də istifadə edilə biləcəyini deyib. Lakin Tehranın iddiasına rəğmən, bu dronun imkanları müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

“İRNA”nın məlumatına görə, uzaqdan idarə olunan bu aparat 300 kq ağırlığında partlayıcı maddələr, eləcə də elektron döyüş avadanlıqları və kameralar daşıya bilir. Bununla yanaşı, “Mühacir 10” saatda 210 kilometr sürətlə yerdən 24 000 fut (təxminən 7000 metr yüksəklik) hündürlüyə qədər qalxa bilir.

“Mühacir 10” PUA-sı və İranın hərbi sənaye sahəsi ilə bağlı İran mətbuatında yayımlanan videoda İvrit dilində “Sığınacaqlarınızı hazırlayın” başlıqlı altyazısı da görünür.

Maraqlıdır ki, pilotsuz təyyarə sənayesinin inkişaf etdiyi və İranın hərbi imkanlarını yaxından izləyən İsrail “Mühacir 10” PUA-sı ilə bağlı şərh verməkdən imtina edib.

Bu barədə xəbərlər verən İsrail KİV-ləri isə İran mediasında yayımlanan videonu İsrail üçün “qanuni təhdid” adlandıraraq, bu PUA-nın İranın regiondakı Amerika qüvvələrini təhdid etmək qabiliyyətini artırdığını vurğulayırlar.
AzVision.az


Teqlər: İran  





Xəbər lenti