İranlı deputat: Xəzər dənizi bəzi yerlərdə 100 metr çəkilib

İranlı deputat:    Xəzər dənizi bəzi yerlərdə 100 metr çəkilib
  23 Avqust 2023    Oxunub:1345
Xəzər dənizinin hüquqi statusu ilə bağlı uzun müddət absurd mövqe sərgiləyən İran hazırda dənizin səviyyəsinin enməsindən digər Xəzəryanı ölkələrlə bərabər ciddi narahatlıq ifadə edir.
AzVision.az xəbər verir ki, İran parlamentinin deputatı Kamal Əlipur Xonəkdari “İLNA” agentliyinə müsahibəsində ölkənin bəzi şimal bölgələrində Xəzər dənizinin təxminən 100-120 metr geriyə çəkildiyini bildirib.

Onun sözlərinə görə, son bir neçə ildə iqlim və quraqlığa görə bütün ölkələrdə, o cümlədən İranda su ehtiyatları bir qədər gərginləşib ki, bu da Xəzərə təsir göstərib. Həmçinin Xəzər dənizinin yağıntıları az olduğundan İranda bu çəkilmə daha ciddi şəkildə baş verib.

“Son bir neçə ildə yağıntıların azalması səbəbindən hətta şimal əyalətlərində də bir sıra çaylar quruyub. Məsələn, aprelin sonlarından bəri ən böyük çaylar, o cümlədən Tecən və Talar, həmçinin Siyahrud və Heraz, demək olar ki, quruyub. Gilan əyaləti tərəfdə isə Sefidrud yaxşı vəziyyətdə deyil. Gülüstanda da vəziyyət yaxşı deyil, yəni İran tərəfdən Xəzərin su hövzəsi quruyur”, - Xonəkdari deyib.

İranın Kosmik Təşkilatı bu yaxınlarda uzaqdan zondlama idarəsinin 10 illik araşdırması ilə Xəzər dənizinin suyunun səviyyəsinin xüsusilə son 2 ildə azaldığını təsdiqləyib.
İran rəsmiləri ölkədə baş verən bir çox ekoloji böhranların əsas səbəbinin temperaturun artması, yağıntıların azalması və quraqlıq olduğunu bildirsələr də, bir çox tənqidçilər mövcud şəraiti yanlış idarəetmənin nəticəsi hesab edirlər.

Ötən aylarda bəzi indiki və keçmiş ekspertlər və məmurlar Urmiya gölünün tamamilə məhv olacağını və yaxın gələcəkdə “böyük bataqlığa” çevriləcəyini açıqlamışdılar.
AzVision.az


Teqlər: Xəzər   çəkilmələr  





Xəbər lenti