İrpendə Zərifə Əliyeva adına məktəbdə təmir işlərinə baxış keçirilib - FOTO

İrpendə Zərifə Əliyeva adına məktəbdə təmir işlərinə baxış keçirilib    - FOTO
  29 Avqust 2023    Oxunub:1386
Azərbaycan dövləti İrpen şəhərində yerləşən görkəmli elm xadimi, oftalmoloq-alim Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbə daha bir töhfə verib.
İstilik probleminin həlli məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” şirkəti orta məktəbin binasının xarici istilik izolyasiyası işlərini başa çatdırmaq üzrədir.

Ukraynada yeni tədris ili ərəfəsində Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyev, “SOCAR Energy Ukraine” şirkətinin rəhbəri Elçin Məmmədov, İrpen şəhər meri Oleksandr Markuşin görülən işlərlə tanış olmaq üçün məktəbə baxış keçiriblər.

Məktəbin direktoru Valentina Antonenko orta məktəbə daim dəstək göstərən Azərbaycan dövlətinə, xüsusilə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Səfir Seymur Mərdəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında ölkəmiz Ukraynaya, o cümlədən İrpen şəhərinə hər zaman dəstək göstərir və bu dəstək davam etdiriləcək.

Şəhər meri Oleksandr Markuşin isə Azərbaycanı Ukrayna üçün dost, qardaş ölkə kimi qiymətləndirib və bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə SOCAR-ın Ukraynadakı nümayəndəliyi məktəbi tez bir zamanda əsaslı təmir edib.

Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” şirkəti Rusiya-Ukrayna müharibəsi zamanı İrpen şəhərində ciddi ziyan çəkən orta məktəbin təmirini üzərinə götürərək, müvafiq işləri yeni tədris ilinə kimi başa çatdırıb.

Təmir işləri zamanı orta məktəbin dam örtüyü tamamilə yenilənib, sinif otaqları təmir edilib, pəncərə çərçivələri dəyişdirilib, yeni istilik radiatorları quraşdırılıb, kosmetik işlər həyata keçirilib. Partlayışdan ən çox zərər çəkmiş idman zalı və bomba sığınacağı təmir edilib.

Eyni zamanda, elektrik enerjisi probleminin həlli məqsədilə orta məktəb generatorla da təmin olunub. (AZƏRTAC)

AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti