İranda bəhailərin həbsləri davam edir

İranda bəhailərin həbsləri davam edir
  30 Avqust 2023    Oxunub:1083
Bəhai vətəndaşı Nazilə Həqqar Tehran İnqilab məhkəməsinin 29-cu şöbəsi tərəfindən 5 il həbs cəzasına məhkum edilib.
AzVision.az “RadioFərda”ya istinadən xəbər verir ki, İranın Apellyasiya məhkəməsi daha öncə müttəhimin qərarla bağlı şikayətini qəbul etsə də, avqustun 20-də birinci məhkəmə instansiyasının qərarını təsdiqləyib.

Bu ilin may ayında xanım Həqqar Tehranın İnqilab məhkəməsi tərəfindən “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplaşmaya üzv olmaq” ittihamı ilə qiyabi şəkildə mühakimə edilib.

Bəhai vətəndaşına qarşı ittiham irəli sürülməsinin səbəblərindən biri kimi uşaqlar üçün maarifləndirici dərslərin keçirilməsi göstərilib.

İran təhlükəsizlik əməkdaşları ötən ilin avqustunda İranın müxtəlif şəhərlərində bəhai vətəndaşlarının geniş şəkildə həbsi zamanı Nazilə Həkharın da evinə basqın ediblər.
Evdə axtarış keçirilməklə yanaşı, onun və digər ailə üzvlərinin şəxsi elektron cihazları, o cümlədən bir neçə noutbuk və Haqqarın bütün kitab və əlyazmaları müsadirə edilib.

Son bir ildə İranda bəhailərin sorğu-suala çağırılması, həbs edilməsi və onlara qarşı təhlükəsizlik əmrlərinin verilməsi əhəmiyyətli dərəcədə artıb.
AzVision.az


Teqlər: İran   bəhailər  





Xəbər lenti