Qabon Prezidentinin oğlu həbs edildi

   Qabon Prezidentinin oğlu həbs edildi
  30 Avqust 2023    Oxunub:1269
Qabonda hakimiyyətin ələ keçirildiyini elan edən hərbçilər ölkə prezidentinin oğlu Əli Bonqonun həbsdə olduğunu bildiriblər.
AzVision.az xəbər verir ki, bu barədə “Liberation” nəşri məlumat yayıb.

Xatırladaq ki, avqustun 30-da səhər saatlarında Qabonda yüksək rütbəli bir qrup zabit ölkənin əsas televiziya kanalı “Qabon 24”də prezident seçkilərinin nəticələrinin ləğvi və hökumət institutlarının buraxılması ilə bağlı bəyanatla çıxış edib.

Zabitlər hakimiyyəti öz əllərinə aldıqlarını və Müdafiə Nazirliyini və ölkənin silahlı qüvvələrini təmsil etdiklərini bildiriblər. Bunun fonunda paytaxt Librevildə atışma olduğu barədə xəbərlər yayılıb.

Hərbçilər çevrilişi avqustun 26-da keçirilmiş ümumi seçkilərə inamın olmaması ilə əlaqələndiriblər.

Bu açıqlama ölkənin Mərkəzi Seçki Komissiyasının Qabonun hazırkı prezidenti Əli ben Bonqo Ondimbanın 64 faiz səslə üçüncü müddətə yenidən seçildiyini elan etməsindən sonra verilib.

Qabonun hazırkı prezidentinin ailəsi 56 ildir ölkədə hakimiyyətdədir. Hazırkı prezidentin atası El Hadj Omaar Bonqo Ondimba 1967-2009-cu illərdə dövlət başçısı vəzifəsində çalışıb.

Müxalifət seçkilərin nəticələrini tanımayıb və onların saxtalaşdırıldığını bəyan edib. Avqustun 27-də Qabon hakimiyyəti iğtişaşlar fonunda ölkədə interneti və bir sıra Fransa internet mediasının yayımını bağlayıb.
AzVision.az


Teqlər:





Xəbər lenti