Qabonda hərbçilər keçid dövrü üçün ölkə rəhbəri təyin ediblər

   Qabonda hərbçilər keçid dövrü üçün ölkə rəhbəri təyin ediblər
  31 Avqust 2023    Oxunub:1022
Qabonda çevrilişi həyata keçirən hərbçilər keçid dövründə ölkənin lideri general Bris Oliqui Nguemanın olacağını açıqlayıb.
AzVision.az xarici KİV-lərə istinadla xəbər verir ki, hərbçilər bu barədə milli telekanalın canlı yayımında bildiriblər.

Bris Nguema Qabon Qvardiyasının baş komandanı, həmçinin ölkənin devrilmiş prezidenti Ali Bonqo Ondimbanın əmisi oğludur.

Bundan əvvəl bildirilmişdi ki, Qabonda bir qrup hərbçi ictimai televiziya vasitəsilə 14 ildir hakimiyyətdə olan və ötən şənbə günü üçüncü müddətə yenidən prezident seçilən Ali Bonqo Ondimbanın vəzifəsindən kənarlaşdırıldığını elan edib. Bu arada çevrilişin təşkilatçıları seçkinin nəticələrini etibarsız elan edib, bütün hakimiyyət institutlarını ləğv edib, ölkə sərhədlərini növbəti xəbərdarlığa qədər bağlayıblar.

“Associated Press” öz növbəsində Bonqo Ondimba ailəsinin Qabonda 55 il hakimiyyətdə olduğunu və Fransa ilə sıx əlaqələr saxladığını xatırladır. Ali Bonqo Ondimba iyunun sonunda Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb. Qabonda 400 nəfərlik Fransa kontingenti yerləşdirilib.

Agentlik qeyd edir ki, əgər Qabondakı çevriliş uğurlu olarsa, bu, Qərbi və Mərkəzi Afrika ölkələrində 2020-ci ildən bəri baş verən səkkizinci çevriliş olacaq. Eyni zamanda, Niger, Mali, Burkina-Fasodan fərqli olaraq, Qabon islam radikallarının təhlükəsi ilə üzləşməmiş, OPEK-in üzvü olduğu üçün neft hasil edir və nisbətən sabit ölkə sayılırdı. Bununla belə, 2020-ci ilin məlumatlarına görə, 15-24 yaşlı ölkə vətəndaşlarının 40 faizi işsiz idi və Qabonda qiymətlər daim yüksəlirdi.

AzVision.az


Teqlər:





Xəbər lenti