Roma Papası İlham Əliyevə və Si Cinpinə teleqram vurdu

   Roma Papası İlham Əliyevə və Si Cinpinə teleqram vurdu
  01 Sentyabr 2023    Oxunub:977
Monqolustana səfər edən Roma Papası Fransiskin təyyarəsi Çin üzərindən uçarkən Papa Çin prezidenti Si Cinpinə teleqram göndərib.
Bu barədə AzVision.az Müqəddəs Taxt-Tacın mətbuat xidmətinə istinadən məlumat verir.

"Monqolustana gedən yolda ölkənizin hava məkanından keçərkən Zati-alinizə və Çin xalqına salamlar və xoş arzular göndərirəm. Millətinizin rifahı üçün dualar edirəm. Sizə birliyin və sülhün bütün ilahi nemətlərini diləyirəm", - Papa deyib.

O, Si Cinpinlə yanaşı, Xorvatiya, Bosniya və Herseqovina, Serbiya, Monteneqro, Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan və Qazaxıstan liderlərini salamlayıb.

Çin və Müqəddəs Taxt arasında tam diplomatik əlaqələr yoxdur. Bunu Vatikanın Tayvanı tanıması çətinləşdirir. Adanın cəmi 13 ölkə ilə rəsmi əlaqələri var.

2018-ci ilin sentyabrında Müqəddəs Taxt-Tac və Çin yepiskopların təyin edilməsi ilə bağlı “müvəqqəti saziş” imzalayıblar. Bu sənədin qüvvədə olma müddəti artıq iki dəfə - 2020 və 2022-ci ilin oktyabrında uzadılıb.

Razılaşma yalnız yepiskopların təyin edilməsi prosesinə aiddir ki, bu da Çindəki katolik kilsəsinin həyatı üçün çox ciddi məsələdir. Vatikana görə, bu müqavilənin məqsədi Çin katoliklərinin Papa ilə tam ünsiyyətdə olan və eyni zamanda Çin tərəfindən tanınan yepiskoplara sahib olmasıdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti