İranın gündəlik neft ixracı xeyli artıb

İranın gündəlik neft ixracı xeyli artıb
  01 Sentyabr 2023    Oxunub:953
Bu ilin avqustunda İran neftinin gündəlik ixracı 2 milyon barrelə yaxın olub ki, bu da son beş ildə ən yüksək göstəricidir.
AzVision.az “Reuters” və “Bloomberg” agentliklərinə istinadən xəbər verir ki, bir neçə neft tankerinin izlənməsi və enerji konsaltinq şirkətlərinin statistik məlumatları İranın neft ixracının kəskin şəkildə artdığını göstərir.

“Tanker Truckers” şirkətinin statistikasına əsasən, avqust ayında İran 1 milyon 777 min barel xam neft və 150 min barrel qaz kondensatı (qaz yataqlarından hasil edilən ultra yüngül xam neft növü) ixrac edib.

Adının açıqlanmasını istəməyən neft tankerlərini izləmə şirkətlərindən biri avqust ayında İranın xam neft ixracını 1,5 milyon barrel səviyyəsində qiymətləndirib. “Kepler” əmtəə-nformasiya şirkəti də ilkin hesablamalara görə, İran neftinin ixracının həcminin sutkada 1,2 milyon barrel olduğunu, lakin yekun qiymətləndirmədə bu rəqəmin yəqin ki, artacağını bildirib.

İranın neft ixracının əhəmiyyətli dərəcədə artmasının səbəbi ABŞ-nin sanksiyalarından yan keçməsində uğur qazanması və Vaşinqtonun Tehranla münasibətləri yaxşılaşdırmaq səylərinə görə buna məhəl qoymamasıdır. Həmçinin, İran yeganə neft müştərisi olan Çinə böyük endirimlər edir. Çin isə neft emalı ehtiyaclarından əlavə, strateji neft ehtiyatlarını artırmaq üçün İrandan daha çox yük alır”, - Reuters yazıb.
AzVision.az


Teqlər: İran   neft  





Xəbər lenti