Tehranla Ər-Riyad arasında səfir mübadiləsi olub

Tehranla Ər-Riyad arasında səfir mübadiləsi olub
  06 Sentyabr 2023    Oxunub:939
İran və Səudiyyə Ərəbistanının səfirləri sentyabrın 5-də müvafiq ölkələrin paytaxtlarına daxil olublar ki, bu da yeddi illik fasilədən sonra ikitərəfli münasibətlərdə yeni fəslin başlanğıcı kimi qiymətləndirilir.
AzVision.az xəbər verir ki, İslam dünyasının şiə və sünni məzhəbinin qütbləri olan İran və Səudiyyə Ərəbistanı bu ilin mart ayında Çinin vasitəçiliyi ilə diplomatik münasibətləri bərpa etmək və qarşılıqlı qaydada səfirliklərin açılması barədə razılığa gəliblər.

Səudiyyə Krallığının Xarici İşlər nazirliyinin bəyanatına görə, bu ölkənin səfiri Abdullah bin Səud Əl-Ənzi Tehrana gələrkən qonşuluq münasibətlərinin inkişafının əhəmiyyətini qeyd edib.

“Səudiyyə Ərəbistanı Krallığı İranla əlaqələrin gücləndirilməsinin, əməkdaşlığın genişləndirilməsinin və daha geniş üfüqlərə doğru irəliləməsinin vacibliyini vurğulayır. Səudiyyə Ərəbistanı Krallığı və İran qonşudur, onların hər biri zəngin təbii və iqtisadi sərvətlərdən bəhrələnir. Buna görə də iki ölkə arasındakı əlaqələr regionun və iki qardaş ölkənin inkişafı, firavanlığı, sabitliyi və təhlükəsizliyinə kömək edir”, - Səud Əl-Ənzi deyib.

İranın “İRNA” rəsmi xəbər agentliyinin məlumatına görə, çərşənbə axşamı Ər-Riyada gələn İranın səfiri Əlirza İnayəti Səudiyyə Ərəbistanının Xarici İşlər nazirliyinin rəsmiləri və səfirlik əməkdaşları tərəfindən qarşılanıb.

Qeyd edək ki, Əl-Ənzi əvvəllər Səudiyyə Krallığının Omandakı, İnayəti isə İranın Küveytdəki səfiri olub.

Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi ötən aydan etibarən fəaliyyətini bərpa edib. Bundan əvvəl isə, iyunun 6 və 7-də İranın Ər-Riyaddakı səfirliyi və Ciddədəki baş konsulluğu yenidən açılıb.

Avqustun sonunda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, münasibətlərin bərpası ilə bağlı razılaşmadan sonra Səudiyyə Krallığına ilk səfərində Tehranla Ər-Riyad arasında ikitərəfli münasibətlərin inkişaf istiqamətinə doğru irəlilədiyini bildirib.
AzVision.az


Teqlər: İran   Səudiyyə  





Xəbər lenti