İranda 6 mədən işçisi hələ də azadlığa buraxılmayıb

İranda 6 mədən işçisi hələ də azadlığa buraxılmayıb
  07 Sentyabr 2023    Oxunub:959
İyulun 31-də keçirilən etiraz aksiyasından sonra Qərbi Azərbaycan vilayətinin Ağdərə kəndinin həbs olunan mədən işçilərindən altısını İran hökuməti azadlığa buraxmağa tələsmir.
AzVision.az “Şərq” qəzetinin yaydığı malumata istinadən xəbər verir ki, iyulun sonlarında Ağdərə kəndində yerlilərin işlə təminatı olunması tələbi ilə keçirilən mitinqdən sonra 32 mədən işçisi həbs edilib. Onların əksəriyyətinin azadlığa buraxılmasına baxmayaraq, 6 işçi hələ də həbsdədir.

“Ağdərə qızıl və daş mədənlərində işləyən bu 6 işçi Urmiya həbsxanasındadır. Onlar ictimai asayişi pozmaq, ölkənin daxili təhlükəsizliyinə qarşı hərəkət və oğurluq kimi ittihamlarla üzləşiblər. Oğurluq ittihamının nədən ibarət olduğu bəlli deyil. Həmçinin keçən ay etiraz aksiyasında iştirak edən Mərkəzi Ağdərədən olan işçilərin iyul və avqust aylarının maaşları ödənilməyib. Girov müqabilində azadlığa buraxılan bir sıra fəhlələrin isə işləməsinə icazə verilmir”, - məlumatda deyilir.

Son illərdə, o cümlədən 2016-cı ildə Ağdərə kəndində etiraz aksiyaları barədə dəfələrlə xəbərlərə yayılıb. Bu etirazlardan sonra Ağdərə qızıl mədəninin 17 işçisi “ictimai asayişi pozmaq” ittihamı ilə qamçı cəzasına məhkum olunub və bu məhkəmə qərarı icra edilib.

Bu ilin iyul ayında Ağdərə kəndində mədən işçilərinin etiraz aksiyası polis əməkdaşlarının müdaxiləsi ilə zorakılığa çevrilib, Təkab polisinin komandiri isə saxlanılanları istehsalata mane olmaqda, təhlükəsizliyi və ictimai asayişi pozmaqda günahlandırıb.
AzVision.az


Teqlər: İran   məhbuslar  





Xəbər lenti