Sarkisyanın kürəkəni: "Fransa gəmiləri erməni dağlarına qalxmayacaq!"

      Sarkisyanın kürəkəni:    "Fransa gəmiləri erməni dağlarına qalxmayacaq!"
  08 Sentyabr 2023    Oxunub:1077
Son günlər Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatların sayı artıb. Ermənistan mediası İrəvanın aktiv şəkildə müharibəyə hazırlaşdığını gizlətmir.
Bəzi saytlar hətta "Hindistandan silahlar boşuna alınmırdı" başlıqları ilə yazılar da dərc edirlər.

Sarkisyan İrəvanın müharibə hazırlığını pislədi: "Dövləti məhv edirlər!"
Ermənistanın keçmiş prezidenti, hərbi cani Serj Sarkisyanın kürəkəni, Vatikanda səfir işləmiş Mikael Minasyan isə xalqı eyforiyaya qapılmamağa çaöırıb.

O qeyd edib ki, ermənilər "Köhnə, uğursuz rəvayətlərini dəyişməlidirlər".

"Anlamaq lazımdır ki, əgər Ermənistanla Azərbaycan arasında müharibənin yeni mərhələsi başlayırsa və əslində hər şey buna doğru gedirsə, bu, beynəlxalq mexanizmlərin işləməməsi deməkdir. Həqiqətən də məlum mexanizmlər işə yaramırlar. Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borelin Ermənistana birbaşa mesajı sayılan son bəyanatını oxuyun.

Etiraf etməliyik ki, əzizimiz Fransanın da səylərinə baxmayaraq, Paris belə regionumuzdakı problemləri həll etmək imkanına malik deyil. Biz boş ümidlərlə, əsrlər boyu yaşadığımız "infantilizm"i, Fransa gəmilərinin xilas üçün erməni dağlarına qalxacağına dair illüziyaları dayandırmalıyıq. Coğrafiyanı, geosiyasi mövqeyi qəbul etmək lazımdır", - Minasyan gileylənib.

Sarkisyanın kürəkəni etiraf edib ki, Azərbaycanla heç vaxt bacara bilməyəcəklər: "Düşməni cilovlamağa qadir olan iki hərbi birləşmə var. Bunlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə NATO-dur. NATO-nun müdaxiləsinə ümid yoxdur. KTMT ətrafında yaranmış isterika isə 2018-ci ildən davam edir. Gözlənilən mümkün fəlakətin qarşısını iki subyekt ala bilər: xalq və ya hökumət.

Mən şanslarımızın az olduğunu bilə-bilə xalqı ayıq olmağa çağırıram. Bu çağırışı 44 günlük müharibədən əvvəl, hamı “iyul döyüşündə tarixi qələbə” qazandıq deyib bunu qeyd edərkən etmişdim. Eyni təklifi 2020-ci ildə, noyabrın 9-da, hamı hələ də “qalib gəlirik” deyəndə dedim. Mən bunu 44 günlük müharibədən sonra da səsləndirirdim və indi də deyirəm.

Ermənistanda infantil siyasətin, əsassız nikbinliyin və daxili düşmənçiliyin artıq resursları qalmayıb. Ermənistanın rasional hesablamaya, real imkanlardan səmərəli istifadəyə və ayıqlığa təcili ehtiyacı var”.

O İrəvanın repressiyalardan vaz keçməsini də vacib amil sayıb. Minasyan iqtidara çağırış edərək təklif edib ki, mümkün müharibə ərəfəsində təcrübəli general Xaçaturovu, "absurd və sübuta yetirilməmiş ittihamlarla həbsdə olan yüksək rütbəli zabitləri azadlığa buraxmaq lazımdır. Bundan başqa fəal diaspor nümayəndələrinə qarşı şəxsi nifrəti dayandırmaq və heç olmasa bu taleyüklü məqamda Fransadakı erməni icmasının rəhbəri və ən mühüm erməni lobbilərindən biri sayılan Murad Papazyanın Ermənistana girişinə icazə verilməlidir".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Müharibə   Fransa  





Xəbər lenti