Saakaşviliyə qarşı yeni cinayət işi açıla bilər

   Saakaşviliyə qarşı yeni cinayət işi açıla bilər
  14 Sentyabr 2023    Oxunub:1514
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə qarşı yeni cinayət işi açıla bilər.
Sputnik Gürcüstan xəbər verir ki, hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze eks-prezidentin büdcə vəsaitlərini şəxsi uçuşlara xərcləməsi ilə bağlı cinayət faktının təsdiqləndiyini bildirib.

“Georgian Airways”in keçmiş rəhbəri Tamaz Qayaşvili “Rustavi 2” televiziyasının efirində bildirib ki, Gürcüstan Müdafiə Nazirliyi ilə aviaşirkət arasında gizli müqavilələr imzalanıb. Həmin müqavilələrə əsasən Saakaşvili il ərzində hava nəqliyyatı ilə 100-ə qədər özəl və hökumət səfəri edib. Səfərin xərcləri dövlət büdcəsindən ödənilib.

KİV-in məlumatına görə, Müdafiə Nazirliyi ilə “Gürcüstan Hava Yolları” arasında 24 milyon lari (9 milyon dollardan çox) dəyərində saziş bağlanıb. Bunun 14 milyonu Saakaşvilinin şəxsi səfərlərinə xərclənib.

“Dövlət başçısının çarterlə uçması cinayətdir. Yeni böyük cinayət faktı faktiki olaraq təsdiqləndi. Hesab edirəm ki, bu, istintaqa başlamaq üçün əsas olmalıdır”, - Mdinaradze bildirib.

Saakaşvilinin ittiham olunduğu işlərdən biri də dövlət büdcəsindən 9 milyon larinin mənimsənilməsi ilə bağlıdır. Saakaşvili 2014-cü ilin iyulunda dövlət əmlakını mənimsəməkdə qiyabi ittiham olunub. Bu siyahıya Londonda alınmış 28 600 dollar dəyərində gödəkçələr və kaşmir idman paltosu, eləcə də digər bahalı geyimlər daxildir.

Baş Prokurorluğun məlumatına görə, bu məbləğin əhəmiyyətli hissəsi 2009-2012-ci illərdə Saakaşvilinin şəxsi ehtiyaclarına, xüsusən də xarici aşpazların, masajçıların, kosmetoloqların və dizaynerlərin xidmətlərinin ödənilməsinə xərclənib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti