Ermənistan Roma Statutunu qəbul edib Putini həbs etməyə bilərmi?

   Ermənistan Roma Statutunu qəbul edib Putini həbs etməyə bilərmi?
  14 Sentyabr 2023    Oxunub:1317
"Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının Rusiya Federasiyası ilə bağlı proseslərə heç bir aidiyyatı yoxdur".
Bu barədə jurnalistlərə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan ölkəsinin Beynəlxalq Cinayət Məhkəməsinin işini tənzimləyən Roma Statutuna qoşulacağı təqdirdə Ermənistan-Rusiya münasibətləri üçün risklər barədə sualları cavablandırarkən bildirib.

Nazir qeyd edib ki, Ermənistan prosesə Rusiya prezidentinə qarşı qəbul edilən qərarlardan bir neçə ay əvvəl başlayıb.

“Beləliklə, məqsədimiz dövlət maraqlarımızı qorumaq üçün yeni cinayət-hüquqi alətlər yaratmaqdır. BCM ərazimizdə törədilmiş hərbi cinayətlərə qarşı beynəlxalq məhkəmə mexanizmlərindən istifadə etmək imkanı verir. Bu, yaxşı müdafiə vasitəsidir və ondan istifadə edə bilməmək təəssüf doğurar. Yenə deyirəm, bu prosesin sizin səsləndirdiyiniz məsələlərə heç bir aidiyyatı yoxdur”, - deyə Minasyan bildirib.

Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsinə qoşulmaqla bu məhkəmənin Putinin “həbs edilməsi” ilə bağlı verdiyi orderi yerinə yetirməyə borclu olmayacaqmı?” sualına Minasyan: “Bu, artıq siyasi məsələdir. Hüquqi bazaya gəlincə, o, bizə qarşı edilən hərbi cinayətlərə beynəlxalq səviyyədə baxılması üçün mexanizm yaradır”, - deyə bildirib.

Qeyd edək ki, Roma statusu Ermənistan parlamenti tərəfindən ratifikasiya olunacağı təqdirdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası Ermənistan hökuməti üçün məcburi xarakter daşıyacaq.

Xatırladaq ki, Haaqa tribunalı Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Roma statutu ratifikasiya olunarsa, Putin Ermənistan ərazisinə səfər edə bilməyəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti