İranın Paris Olimpiadasından uzaqlaşdırılması tələbi qoyulub

      İranın Paris Olimpiadasından uzaqlaşdırılması tələbi qoyulub
  14 Sentyabr 2023    Oxunub:1296
Boks üzrə keçmiş dünya çempionu Mehyar Münşipur və Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi də daxil olmaqla bir qrup fəal İranın 2024-cü il Paris Olimpiadasından kənarlaşdırılmasını tələb ediblər.
AzVision.az Fransa idmanının tanınmış siması və hüquqşünas Frederik Tirizin Parisdə mətbuat konfransındakı çıxışına istinadən xəbər verir ki, bu fəallar Beynəlxalq Olimpiya Komitəsinə (BOK) İranı Paris Olimpiadasından kənarlaşdırmaq üçün məktub göndəriblər.

İranlı fəalların məktubu BOK-nə ötən iyulunda göndərilsə də, “Le Monde” qəzetinin yazdığna görə, onun nəşr tarixi xüsusi olaraq Məhsa Əmininin vəfatının ildönümü ərəfəsində planlaşdırılıb.

Məktubda İran idmanda ayrı-seçkiliyə yol verməmək prinsipini pozmaqda ittiham edilir.

“İdman insan hüququdur və xüsusilə irqinə, rənginə, cinsinə, cinsi oriyentasiyasına, dilinə, dininə, siyasi baxışlarına və digər fikirlərə, milli və ya sosial mənşəyə, mülkiyyət, doğum və ya hər hansı digər vəziyyətə görə heç bir ayrı-seçkiliyə yol verilməməlidir”, - müraciətdə vurğulanır.

Cənab Tirez mətbuat konfransında əlavə edib ki, o, İranın Paris Olimpiadasından kənarlaşdırılması tələbinin İdman Arbitraj məhkəməsinə verilməsi üzərində işləyir. Çneki idmanla bağlı mübahisələrə bu məhkəmə qərar verməlidir.

İranın Paris Olimpiadasına burxılmaması üçn, eyni zmanda, internet kampaniyasına da start verilib.

Müraciət edən fəallar qrupu həmçinin İran idmançılarının ən azı İranda qadınlara qadağan olunmuş güləş, boks, üzgüçülük, voleybol və gimnastika kimi idman növləri üzrə qarşıdan gələn Olimpiadada iştirakına qadağa qoyulmasını tələbini irəli sürüblər.

Hollandiyaya sığınan güləşçi və keçmiş güləş federasiyasının üzvü Şirin Şirzad sözügedən mətbuat konfransında videogörüntü ilə çıxış edərək,

“Biz normal idman etməyi arzulayırıq”, -deyib.

Həmçinin, İran mənşəli fransız, boks üzrə keşmiş dünya çempionu Mehyar Münşipur İranda qadınların “mənzillərdə və ya zirzəmilərdə” məşq etdiklərini bildirib.
AzVision.az


Teqlər: İran   Olimpiada  





Xəbər lenti