İranda tələbələrin təhsildən kənarlaşdırılması davam edir

İranda tələbələrin təhsildən kənarlaşdırılması davam edir
  14 Sentyabr 2023    Oxunub:1038
İranın Bircənd universitetinin İntizam komitəsi son həftədə ən azı 15 tələbə barədə bir semestrlik təhsildən kənarlaşdırma qərarı verib.
AzVision.az İranın Tələbələr Həmkarlar İttifaqı Şurasının məlumatına istinadən xəbər verir ki, bu tələbələrin heç birinə daha əvvəl çağırış vərəqəsi təqdim olunmadan cinayət işi açılıb.

Çərşənbə günü isə Tələbələr Birliyi şurası ümummilli etirazların ildönümü və universitetlərin yenidən açılması ərəfəsində Beheşti universitetinin ən azı 30 tələbəsinin çağırıldığını elan edib.

Tələbələr bu universitetin “ümumi təhlükəsizlik” şöbəsinə “girov götürülmək” üçün çağırılıblar və onlardan yeni semestrlə bağlı “mümkün etiraz aksiyalarında iştirak etməmək” üçün vəd alınıb.

Əvvəllər “şəxsi nömrələrdən” təhdid zəngləri alan bəzi tələbələr növbəti dəfə “təhlükəsizlik təşkilatı” tərəfindən hədələniblər. Vədi imzalamaqdan imtina edən tələbələrə qarşı isə məzun ola bilməyəcəkləri ilə bağlı təhdid səsləndirilib.
AzVision.az


Teqlər: İran   tələbələr  





Xəbər lenti