Qazaxıstanda Rusiyanın məşhur ŞHK komandasının qastrolu ləğv edilib

Qazaxıstanda Rusiyanın məşhur ŞHK komandasının  qastrolu ləğv edilib
  14 Sentyabr 2023    Oxunub:950
Qazaxıstanda komediya ustaları Azamat Musaqaliyev və Denis Doroxovun çıxış etdiyi Rusiyanın “Kamızyaki” şən və hazırcavablar klubu (ŞHK) komandasının qastrolu ləğv edilib.
“Kollektivin artistlərinin sensasiyalı ictimai hərəkətləri ilə bağlı mənfi rəyi nəzərə alaraq təşkilatçılar bu komandanın Qazaxıstanda solo konsertlər turunu tamamilə ləğv etmək qərarına gəliblər”, - konsert təşkilatçılarından biri Olqa Li öz “Instagram” hesabında yazıb.

“Kamızyaki” komandasının konsertləri oktyabrın 5-də Almatıda, oktyabrın 7 və 8-də Astanada baş tutmalı idi. Konsert ərəfəsində Qazaxıstanda bu tamaşalara biletlərin satışı dayandırılıb.

Qeyd edək ki, sentyabrın 8-də “Kamızyaki” komandası Donetskdə (Ukrayna) “Saur-Mogila” memorialının yanında təşkil edilmiş konsertdə iştirak edib. Yerli “Oplot TV” telekanalına müsahibəsində Azamat Musaqaliyev və Denis Doroxov Donetsk sakinlərinə başlarının üstündə dinc səma, cansağlığı və daim yaxınlarının təbəssümünü görməyi arzulayıblar.

Çıxışdan sonra Musaqaliyev “Sülhməramlı” (Rusiyanın Ukraynaya qarşı təcavüzünə bəraət qazandıranlar) bazasına daxil edilib.

Bunun ardınca qazaxıstanlılar “Kamızyaki” komandasının planlaşdırılan konsertlərinin ləğvi tələbi ilə petisiyaya başlayıblar.

“Biz qazaxıstanlılar öz ölkəmizdə suveren ölkə Ukraynaya qarşı təcavüzü dəstəkləyən insanları görmək istəmirik”, - deyə 18 mindən çox insanın imzaladığı petisiyada bildirilib.
AzVision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti