Rusiya XİN Xankəndiyə yardımın çatdırılmasını şərh edib

Rusiya XİN Xankəndiyə yardımın çatdırılmasını şərh edib
  18 Sentyabr 2023    Oxunub:953
Moskva hesab edir ki, Qarabağa humanitar yardımların daşınması üçün Laçın və Ağdam marşrutlarının paralel olaraq açılması Bakı və Qarabağın erməniəsilli sakinləri ilə dialoqun başlanmasına, habelə üçtərəfli razılaşmaların bütün kompleksinin həyata keçirilməsi üzrə ritmik işin bərpasına şərait yaradacaq.
Bu barədə Xankəndiyə humanitar yardımın çatdırılmasını şərh edən Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O xatırladıb ki, sentyabrın 18-də Rusiya sülhməramlı kontingentinin və RF XİN-in iştirakı ilə və Beynəlxalq Qırmızı Xaç Komitəsinin səyləri sayəsində Laçın və Ağdam marşrutları üzrə regiona ərzaq və dərman preparatları çatdırılıb.

M.Zaxarova qeyd edib: “Dinc əhalinin maraqlarına uyğun olaraq, humanitar yüklərin maneəsiz və müntəzəm tədarükünün davam etməsini gözləyirik”.

Onun sözlərinə görə, Moskva hesab edir ki, Qarabağda humanitar vəziyyətin yaxşılaşması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair 2020-2022-ci illərdə liderlər tərəfindən yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmaların bütün kompleksinin həyata keçirilməsi üzrə işlərin yenidən başlanmasına şərait yaradacaq.

RF XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, Moskva “bütövlükdə Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsində maraqlıdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti