ABŞ İranın Kəşfiyyat nazirliyinə və Mahmud Əhmədinejada sanksiya tətbiq edib

ABŞ İranın Kəşfiyyat nazirliyinə və Mahmud Əhmədinejada sanksiya tətbiq edib
  19 Sentyabr 2023    Oxunub:867
Levinson qanununa əsasən Vaşinqton İranın Kəşfiyyat nazirliyini və bu ölkənin keçmiş prezidenti Mahmud Əhmədinejadı sanksiyalar siyahısına əlavə edib.
AzVision.az Ağ evin yüksək rütbəli rəsmisinin jurnalistlərə müsahibəsinə istinadən xəbər verir ki, bu addım Kəşfiyyat nazirliyinin məhbuslara qarşı zorakılıqda rolu, həmçinin Mahmud Əhmədinejadın Robert Levinson işi haqqında dəfələrlə yalan söyləməsi ilə bağlıdır.

İranın azad etdiyi 5 şəxsi qarşılayan ABŞ prezidenti Co Bayden Mahmud Əhmədinejada və İranın Kəşfiyyat nazirliyinə qarşı sanksiyalara toxunaraq “İran rejimini” Levinsonun başına gələnlər haqqında tam məlumat verməyə çağırıb və Levinsonun ailəsinin suallarına cavab almağa layiq olduğunu vurğulayıb.

ABŞ prezidenti azad edilmiş amerikalıları qarşılamaqla yanaşı, bir daha bütün ölkə vətəndaşlarına İrana səfərin ciddi təhlükələr doğurduğunu və Amerika pasportu sahiblərinin ora səfər etməməli olduqlarını xatırladıb. Bununla bağlı o, Amerika vətəndaşlarını ABŞ-nin Dövlət departamentinin İrana səyahətlə bağlı xəbərdarlığını ciddi qəbul etməyə çağırıb. Buna məhəl qoymayacaqları halda onlar azadlıqlarının təmin olunacağını gözləməməlidirlər.

Qeyd edək ki, ABŞ-nin Federal Təhqiqatlar bürosunun (FTB) Narkotiklərlə Mübarizə idarəsinin keçmiş agentlərindən olan Robert (Bob) Levinson 2007-cı ilin martında (Mahmud Əhmədinejadın prezidentliyi dövrü) İranın Kiş adasında yoxa çıxıb.

ABŞ Senatının 2020-ci ildə qəbul etdiyi qanuna əsasən, ABŞ prezidenti ölkə vətəndaşlarının girov götürülməsində və qanunsuz həbsində iştirakı olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq etmək və cəza tədbirləri həyata keçirmək səlahiyyətinə malikdir. Bu qanun Robert Levinsonun azad edilməsi üçün görülən tədbirlərə uyğun olaraq onun adını daşıyır.
AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti