"Lampeduza böhranı" dərinləşir - Miqrantlara Rusiya şərait yaradır?

  "Lampeduza böhranı" dərinləşir -  Miqrantlara Rusiya şərait yaradır?
  19 Sentyabr 2023    Oxunub:1305
Aralıq dənizində miqrant böhranı daha da dərinləşib. İtaliyaya məxsus Lampeduza adasında miqrasiyanın pik həddə çatması Avropa ölkələrini səfərbər edib. İş o yerə çatıb ki, hətta Polşa Rusiyanı afrikalıların Avropaya daşımaqda ittiham edib.
Polşa Radiosunun yaydığı məlumata görə, xarici işlər nazirinin müavini Arkadiuş Mularçik deyib ki, Lampeduza adasında yaranmış miqrasiya böhranına görə Moskva birbaşa günahkar sayılır.

Diplomat qeyd edib ki, “kimsə bu insanlara Nigeriyadan, Mərkəzi Afrika ölkələrindən Aralıq dənizinə doğru yüzlərlə, hətta minlərlə kilometr məsafə qət etmələrinə kömək edir. Kimsə onların daşınmasında yardımçıdır, bu proseslərlə birbaşa maraqlanır. Şübhəsiz ki, Rusiya bunda maraqlıdır!”.

İtaliyanın Lampeduza adasından 600 miqrant təxliyə edilib
O, etiraf edib ki, qeyri-qanuni miqrasiyanın arxasında, ilk növbədə, cinayətkar dəstələrin konqlomeratı dayanır. Bununla belə, diplomat cinayətkarların arxasında Avropada sabitliyi pozmağa çalışan Rusiyanın dayandığını iddia edib.

Amma Polşa rəsmisi iddialarını təsdiqləyəcək heç bir sübut təqdim etməyib.

İş o yerə çatıb ki, İtaliya Avropa İttifaqından (Aİ) miqrant axınının azaldılmasına yardım göstərməyi xahiş edib.

İtaliyanın baş naziri Corci Meloni hətta fövqəladə vəziyyətlə tanış olmaq üçün Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni İtaliyanın Lampeduza adasına səfərə dəvət edib.

Bundan başqa, Meloni qeyri-qanuni miqrantları daşıyan qayıqların Aralıq dənizindən keçməsinin qarşısını almaq üçün Avropa İttifaqından dəniz blokadası tətbiq etməyə çalışır.

Baş nazir Avropa Komissiyasının sədrini Tunislə əldə olunan razılaşmanın həyata keçirilməsini "dərhal sürətləndirməyə" çağırıb. Məhz bu ölkə Afrikadan Avropaya getməyə çalışan miqrantlar üçün əsas başlanğıc nöqtəsi olub.

Bu ilin iyulunda Tunislə bağlanmış müqavilənin bir hissəsi olaraq, Avropa İttifaqı insan qaçaqmalçılığı ilə mübarizə, sərhədləri möhkəmləndirmək və qeyri-qanuni miqrantları geri qaytarmaq üçün 110 milyon avroya qədər vəsait ayırmağı öhdəsinə götürmüşdü.

Meloni qeyd edib ki, "Avropanın gələcəyi dövrümüzün epoxal çağırışlarının öhdəsindən gəlmək qabiliyyətindən asılıdır və qeyri-qanuni immiqrasiya bu çağırışlardan biridir".

Baş nazirlə görüşən Leyen isə Aİ-yə üzv dövlətləri miqrasiya böhranının həllində iştirak etməyə çağırıb. O, belə bir kiçik adanın bu səviyyədə əcnəbi axınının öhdəsindən gələ bilməyəcəyini etiraf edib. Avropa Komissiyasının sədri Lampeduzadan miqrantların daşınmasında və dəniz yolu ilə qeyri-qanuni miqrant aparan qaçaqmalçılarla mübarizədə dəstək göstərəcəyini vəd edib.

Almaniya isə ötən həftə İtaliyadan gələn miqrantların qəbulunu növbəti xəbərdarlığa qədər dayandırmaq qərarı verib.

Fransa da dərinləşən böhrandan narahatdır. Fransanın daxili işlər naziri Cerald Darmanin Lampeduza adasının üzləşdiyi krizislə bağlı italiyalı həmkarı ilə danışıqlar aparmaq üçün sentyabrın 18-i Romaya gedib. O, səfərdən öncə "Europe 1" radiosuna verdiyi müsahibəsində deyib ki, "Fransa miqrant axınının qarşısını almaq üçün İtaliyaya sərhəd məsələlərində kömək edəcək".

Bundan başqa məsələnin ciddiliyini anlayan Fransa prezidenti Emmanuel Makron da İtaliya Şurasının sədri Giorgia Meloni ilə danışıb. Yelisey Sarayının yaydığı məlumata görə, onlar uzunmüddətli perspektivdə miqrasiya axınlarına adekvat cavab vermək üçün görülməli olan tədbirləri müzakirə ediblər.

Makron: "Fransa bütün miqrasiya yükünü öz üzərinə götürməyə hazır deyil. Avropada heç bir işi olmayanları evlərinə göndərməliyik", -deyib.

Bir sözlə, Avropa İttifaqı hələ ki, Lampeduza adasına gələn miqrantlarla nə edəcəyinə qərar verməyib.

Böhranın dərinliyinin son statistikalar da göstərir. Bu il İtaliyaya təxminən 126 min miqrant gəlib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Təkcə sentyabrda Lampeduza adasına Afrikadan 8000-dən çox qeyri-qanuni miqrant keçib. Bu, isə adanın bütün əhalisindən çoxdur. İtaliya Avropa İttifaqından kömək istəyərkən aşkar şəkildə bəyan edir ki, qısa zamanda bu idarəolunmaz miqrant axınının öhdəsindən gələ bilməyəcək.

Bu arada, Lampeduzaya miqrant axınının durmadan davam etdiyini görən və çarəsiz qalan yerli sakinlər miqrantlar üçün yeni çadır şəhərciyi tikməklə bağlı planlara qarşı etiraz aksiyası keçiriblər.

Miqrantların ölüm halları da artır. Çünki adanın sahillərində miqrantları daşıyan qayıqların batması hallarına tez-tez rast gəlinir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   İtaliya   Miqrant   Polşa   Rusiya   Böhran  





Xəbər lenti