Qrossi Rəisi ilə görüş tələb edib

Qrossi Rəisi ilə görüş tələb edib
  19 Sentyabr 2023    Oxunub:624
MAQATE-nin baş direktoru Rafael Qrossi Tehranıı qurumun bir sıra müfəttişlərinin fəaliyyət lisenziyasını ləğv etməkdən çəkindirmək üçün BMT Baş Assambleyası çərçivəsində İran prezidenti İbrahim Rəisi ilə görüşmək istəyir.
AzVision.az xəbər verir ki, Rafael Qrossi MAQATE-nin kameraları və müşahidə alətlərinin İranın nüvə obyektlərindən çıxarılmasından sonra Tehranın nüvə proqramının sülhməramlı xarakter daşıdığına zəmanət verməyin mümkün olmadığını bildirib.

Qrossi, İbrahim Rəisiyə məktubunda onunla görüşün və Tehranın agentliyin müfəttişlərinin, ekspertlərinin lisenziyasını ləğv etmək qərarınnı müzakirə etməsinin “çox vacib” olduğunu vurğulayıb. O, “The Associated Press” agentliyinə müsahibəsində məktubuna cavab gözlədiyini söyləyib.

“İranın ölkəyə kimin daxil olacağına qərar vermək hüququ var, lakin mən başa düşmürəm ki, Tehran niyə “əhəmiyyətli sayda” müfəttişin icazələrini ləğv edir. Çünki bu, onların işini daha da çətinləşdirəcək. Minlərlə kaskadı (sentrifuqaları) və bütün bu boru kəmərləri ilə uranın zənginləşdirilməsi obyektlərini yoxlamaq üçün bacarıq və təcrübə qazanmaq çox çətindir və xeyli vaxtı tələb edir. Ona görə də, İran müfəttişlərin sayını məhdudlaşdırmağa çalışanda bunun düzgün olmadığını deməyə məcburam. Buna son qoyun”, - Rafael Qrossi deyib.

Qeyd edək ki, bu ilin martında Tehrana səfəri çərçivəsində Rafael Qrossi İran prezidenti İbrahim Rəisi ilə də görüşərək nüvə problemi ətrafında müzakirələr aparsa da, hələlik heç bir müsbət nəticə qeydə alınmayıb. Əksinə, problem daha da dərinləşib.
AzVision.az


Teqlər: Qrossi   Rəisi  





Xəbər lenti