İranda yağıntılar azalır, temperatur isə artır

İranda yağıntılar azalır, temperatur isə artır
  02 Oktyabr 2023    Oxunub:912
İranda havanın istilik artımı dünya üzrə orta göstəricidən iki dəfə çoxdur.
AzVision.az İranın Energetika nazirliyinin Su Tədqiqat institutunun rəhbəri Məhəmmədrza Kavianpura istinadən xəbər verir ki, İran ciddi temperatur dəyişməsi ilə üzləşib.

“Ötən ilin yayında İranda istilərin tarixi rekordu qeydə alınıb. Son 30 ildə yerin temperaturu 0,66 artdığı halda, İranda bu rəqəm 1,3 dərəcə olub. Bu temperatur dəyişikliklərinin ölkə ərazisində paylanması elədir ki, bəzi yerlərdə temperaturun dəyişməsi 3-5 dərəcə, bəzi yerlərdə isə 1-2 dərəcə arasında olub. Həmçinin son bir neçə ildə yağıntılar da, 20% azalıb”, - Kavianpur deyib.

“Lancet” elmi jurnalı da bu ilin aprelində İranın qlobal istiləşmə məsələsində Yaxın Şərqdə ən həssas ölkə olduğunu yazıb.

Bu hesabata görə, hazırda Yaxın Şərqdə qlobal istiləşmə nəticəsində ölənlərin sayı yüz min nəfərə orta hesabla 2,1 nəfər təşkil edir. Lakin qlobal istiləşmə indiki tendensiya ilə davam edərsə, bu əsrin 60-cı illərinə qədər həmin rəqəm 123 nəfəri keçəcək.

İranda bu göstərici üzrə hazırda hər yüz min nəfərə 11 ölüm baş verir ki, bu da Yaxın Şərqin orta göstəricisindən beş dəfə çoxdur. Alimlər yaxın 40 ildə bu rəqəmin İranda 423-ə çatacağını proqnozlaşdırırlar.
AzVision.az


Teqlər: İran   temperatur  





Xəbər lenti